...

Küveyt Dağlıq Qarabağ məsələsində Azərbaycanın mövqeyini müdafiə edir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 16 May 2013 19:21 (UTC +04:00)
Mayın 16-da Milli Məclisin sədri Oqtay Əsədov Küveyt Millət Məclisinin Azərbaycanla Dostluq qrupunun rəhbəri Mübarək Saleh Əl-Nəcədəni qəbul edib.
Küveyt Dağlıq Qarabağ məsələsində Azərbaycanın mövqeyini müdafiə edir

Azərbaycan, Bakı, 16 may /Trend/

Mayın 16-da Milli Məclisin sədri Oqtay Əsədov Küveyt Millət Məclisinin Azərbaycanla Dostluq qrupunun rəhbəri Mübarək Saleh Əl-Nəcədəni qəbul edib.

Milli Məclisin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, spiker bu cür səfərlərin əlaqələrimizin inkişafına töhfə verdiyini vurğulayıb. Bildirilib ki, müstəqil Azərbaycan Körfəz ölkələri, o cümlədən Küveytlə əməkdaşlığın dərinləşməsinə böyük önəm verir. Dövlət başçılarının görüşləri zamanı aparılan danışıqlar münasibətlərimizin inkişafı üçün yaxşı zəmin yaradıb: "Biz parlamentlər səviyyəsində əlaqələrimizi gələcəkdə də möhkəmləndirmək niyyətindəyik. Hər iki ölkənin qanunverici orqanında dostluq qruplarının fəaliyyət göstərməsi təqdirəlayiqdir. Bu qruplar arasında təmasların intensiv xarakter alması, zənnimizcə, bu sahədə yeni mərhələnin başlanğıcı olardı".

Spiker siyasi sahədə əlaqələrimizin iqtisadi, mədəni, humanitar sahələrə də nüfuz etdiyini söyləyib. Bildirilib ki, yüksək səviyyəli nümayəndə heyətlərinin qarşılıqlı səfərləri ümumi mənafelərə xidmət edir.

Mübarək Saleh Əl-Nəcədə ölkəmizə səfərindən və burada keçirdiyi görüşlərdən məmnun qaldığını ifadə edib. O, Azərbaycanı özlərinə yaxın və dost bildiklərini söyləyib. Qeyd edilib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevi Küveytdə də yaxşı tanıyır və sevirlər. Hələ keçmiş SSRİ dönəmində bu görkəmli dövlət xadimi Küveytlə əlaqələrin qorunub saxlanmasına və inkişafına nail olub. Onun Azərbaycanın müstəqilliyinin qorunması sahəsində gördüyü möhtəşəm işləri Küveytdə yaxşı xatırlayırlar. Onlar Prezident İlham Əliyevin rəhbərliyi altında müstəqil Azərbaycanın əldə etdiyi uğurlara sevinirlər.

Qonaq Dağlıq Qarabağ məsələsinin həllində ölkəsinin Azərbaycanın mövqeyini müdafiə etdiyini ifadə edərək, Xocalı soyqırımının həmvətənləri tərəfindən birmənalı şəkildə pislənildiyini söylədi. O, ölkəsinin hər zaman Azərbaycanın yanında olduğunu və onun mövqeyini müdafiə etdiyini bildirib.

Görüşdə qonaq Küveyt parlament sədrinin ölkəsinə səfərə dəvət məktubunu Milli Məclisin spikerinə təqdim etdi. Dəvət məmnunluqla qəbul olunub.

Söhbətdə parlamentlərarası əlaqələrin inkişaf perspektivləri, regional münaqişələrin həlli yolları və tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə Küveytlə parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun rəhbəri Hüseynbala Mirələmov, ölkəmizin Küveytdə səfiri Tural Rzayev və digər rəsmi şəxslər iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti