...

Elnur Aslanov: Ərazi bütövlüyümüzün bərpa olunması üçün digər yollar heç vaxt istisna edilməyib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 19 Dekabr 2013 11:22 (UTC +04:00)
Bu gün Azərbaycan bölgədə sabitlik, təhlükəsizlik məkanı kimi tanınır, regionda sabitləşdirici rola malikdir.
Elnur Aslanov: Ərazi bütövlüyümüzün bərpa olunması üçün digər yollar heç vaxt istisna edilməyib

Azərbaycan, Bakı, 19 dekabr /Trend, müxbir İ.İzzət/

Bu gün Azərbaycan bölgədə sabitlik, təhlükəsizlik məkanı kimi tanınır, regionda sabitləşdirici rola malikdir. Lakin təəssüflər olsun ki, Ermənistanın Azərbaycana qarşı təcavüzü, işğalçılıq, terrorçuluq siyasəti bütün bölgəni, Avropa məkanını ciddi təhdid altında saxlayır. Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov Bakıda keçirilən ASAN Könüllüləri Gənclər Təşkilatının I qurultayında çıxışı zamanı deyib.

E.Aslanov bildirib ki, Azərbaycan bu işğalla barışmır və barışmayacaq: "Təcavüzkar siyasət yürüdən Ermənistanın təkcə Azərbaycan və Türkiyə tərəfindən deyil, digər ölkələr, beynəlxalq və regional təşkilatlar tərəfindən də cəzalandırılmasını istəyirik. BMT Təhlükəsizlik Şurasının qətnamələri bəzən bir neçə saat içərisində icra olunduğu halda, 20 ildir ki, Azərbaycanın işğal olunmuş torpaqları ilə bağlı qətnamələr kağız üzərində qalır, icra edilmir".

PA-nın şöbə müdiri deyib ki, Azərbaycan ədalətin bərpa olunması üçün bütün mümkün olanları edir və edəcək: "Ən böyük güzəştimiz bu illər ərzində aparılan danışıqlardır. Ərazi bütövlüyümüzün bərpa olunması üçün digər yollar heç vaxt istisna edilməyib, bu, bizim suveren hüququmuzdur və bu hüququ özümüzdə saxlayırıq. Azərbaycan tərəfi münaqişənin sülh yolu ilə həllinə tərəfdardır. Ancaq bunun üçün Ermənistan danışıqları pozmamalı, konstruktivlik nümayiş etdirməlidir. Yalnız belə olan halda sülh sazişi üzərində işə başlamaq mümkün olacaq".

E.Aslanovun sözlərinə görə, indidən postkonflikt dövrünə də hazır olmalıyıq: "Gec-tez bu münaqişə həllini tapacaq, başqa cür ola da bilməz. Getdikcə güclənən Azərbaycanın qarşısında Ermənistan, onun arxalandığı qüvvələr uzun müddət dayana bilməyəcək. Artıq bu reallıqdır ki, Ermənistan sürətlə boşalır. Biz bölgədə de-erməniləşmə prosesinə şahidlik edirik. Ermənilər yoxsulluqdan Cənubi Qafqazı tərk edirlər, başqa ölkələrə qaçırlar. İşğalçı Ermənistanın bu ağır duruma düşməsinin səbəbkarı Azərbaycandır, bunu gizlətmirik. İrəvanın təcavüzkar siyasəti davam etdikcə, bu proses dayanmayacaq. Biz siz gənclərə böyük ümidlərlə və gələcək həmkarlar kimi baxırıq. İnanırıq ki, bundan sonra da gözəl təşəbbüslərə imza atacaqsınız, fəallığınızı daha da artıracaqsınız, harada olmanızdan asılı olmayaraq Azərbaycanın haqq səsinə çevriləcəksiniz".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti