...

Jan-Klod Minyon: "AŞ-nin baş katibi seçilsəm, əsas prioritetlərdən biri Dağlıq Qarabağ münaqişəsinin həlli olacaq" (ƏLAVƏ OLUNUB)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 27 Yanvar 2014 15:32 (UTC +04:00)
"Avropa Şurasının baş katibi seçilsəm, əsas prioritetlərdən biri Dağlıq Qarabağ münaqişəsinin həlli olacaq".
Jan-Klod Minyon: "AŞ-nin baş katibi seçilsəm, əsas prioritetlərdən biri Dağlıq Qarabağ münaqişəsinin həlli olacaq" (ƏLAVƏ OLUNUB)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 14:35-də yayılıb)

Fransa, Strasburq, 27 yanvar /Trend, A.Məhərrəmli/

"Avropa Şurasının baş katibi seçilsəm, əsas prioritetlərdən biri Dağlıq Qarabağ münaqişəsinin həlli olacaq". Trend-in məlumatına görə, bu fikirləri Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) bazar ertəsi öz işinə başlayan qış sessiyası çərçivəsində qurumun sədri qismində keçirdiyi son mətbuat konfrasında Jan-Klod Minyon AŞ-nin baş katibi postuna namizədliyi ilə bağlı məsələyə münasibət bildirərkən deyib.

O, qeyd edib ki, bu münaqişə öz həllini tapmalıdır: "Bu, belə davam edə bilməz. Bu, təşkilatın 1949-cu ildə imzalanmış nizamnaməsinin ruhuna da uyğun deyil".

AŞ PA sədri mandatı dövründə gördüyü və görə bilmədiyi işlərə, eləcə də parlament diplomatiyasının nəticələrinə münasibət bildirərkən deyib: "Əlbəttə, çox işləri həyata keçirə bilmədim. İki il çox sürətlə keçdi. Mənim səlahiyyət müddətində əsas priroritetlərimdən biri, az da olsa, dondurulmuş münaqişələrin həllinə istiqamətləndi. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi buna bir misaldır. Mən AŞ PA-da iki ölkənin nümayəndə heyətləri arasında dialoqun yaranmasına nail oldum. AŞ PA-dakı hər iki nümayəndə heyətinin sədrlərinin, hər iki ölkənin parlamentarilərinin konstruktiv münasibətini alqışlayıram. Düşünürəm ki, onlar bəzi mesajları aldılar. Arzu edirəm ki, bu istiqamətdə daha da irəli gedilsin. Siz habelə gördünüz ki, mən burada Dağlıq Qarabağ üzrə Alt komitənin fəaliyyətini yenidən bərpa etmədim. Mən bunu etmədim, çünki ATƏT-in Minsk qrupu çox yaxşı iş görür. Minsk qrupu mövcuddur".

O, qeyd edib ki, ATƏT-ə bir il müddətində Ukrayna sədrlik etdi. Ukrayna çox gözəl fəaliyyət göstərdi. Bu gün ATƏT-ə İsveçrə, sonra isə Serbiya sədrlik edəcək:

"Düşünürəm ki, bu məsələyə münasibətdə davamlılıq var. Mənim Minsk qrupunun həmsədrləri ilə təmaslarım, o cümlədən fransalı həmsədr Jak Forla, habelə Bakıda və İrəvanda hər iki ölkənin prezident və xarici işlər nazirləri ilə Madrid prinsipləri ilə bağlı çox maraqlı görüşlər keçirdim. Düşünürəm ki, bütün bunlar sakit tərzdə də olsa, irəliləyir. Ola bilsin ki, ümid etdiyimizdən daha ləng şəkildə irəliləyir. Amma bu gün bu Assambleya daxilində dialoq mövcuddur. Hesab edirəm ki, bunu davam etdirmək lazımdır. Əlbəttə, istərdim ki, Dnestryanı məsələsində (Moldova) də daha çox irəli gedə bilim. Bununla bağlı keçən ilin dekabr ayının əvvəlində Odessada nəzərdə tutulan görüşlər Ukraynada baş verən hadisələr səbəbindən təxirə salındı. Digər məsələlərlə də bağlı irəli getməyə cəhd etdim. Kipr məsələsini, eləcə də Rusiya-Gürcüstan məsələsini "sehirli çubuq"la bir günə həll etmək olmaz. Parlament diplomatiyası bunun üçündür. Kiminsə məsuliyyət daşıdığını deyərək, onu barmaqla göstərmək lazım deyil. Hadisələri başa düşmək lazımdır və mən bu işi iki il ərzində görməyə cəhd etdim".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti