...

"Alman Parlament Cəmiyyəti"ndə Xocalı soyqırımının ildönümü ilə əlaqədar simpozium keçirilib (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 17 Fevral 2014 10:42 (UTC +04:00)
Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı səfirliyindən Trend-ə verilən məlumata görə, AFR hökuməti, Bundestaq, Almaniyanın ictimai-siyasi, iqtisadi və mədəni dairələri, Berlindəki diplomatik missiyalar, Almaniyadakı Azərbaycan diasporu və mətbuat nümayəndələrindən ibarət 200 nəfərə yaxın iştirakçının qatıldığı tədbir giriş nitqləri ilə başlamışdır.
"Alman Parlament Cəmiyyəti"ndə Xocalı soyqırımının ildönümü ilə əlaqədar simpozium keçirilib  (FOTO)

Azərbaycan, Bakı, 17 fevral /Trend/

Xocalı soyqırımının 22-ci ildönümü münasibətilə Azərbaycan Respublikasının AFR-dəki Səfirliyi və "Alman-Azərbaycan Forumu"nun birgə təşkilatçılığı və ARDNŞ-nin Almaniya nümayəndəliyinin dəstəyi ilə Berlində "Alman Parlament Cəmiyyəti"ndə "Cənubi Qafqazda Təhlükəsizlik və Sabitlik. Almaniya-Azərbaycan Əməkdaşlığının Perspektivləri" adlı simpozium keçirilmişdir.

Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı
səfirliyindən Trend-ə verilən məlumata görə, AFR hökuməti, Bundestaq, Almaniyanın ictimai-siyasi, iqtisadi və mədəni dairələri, Berlindəki diplomatik missiyalar, Almaniyadakı Azərbaycan diasporu və mətbuat nümayəndələrindən ibarət 200 nəfərə yaxın iştirakçının qatıldığı tədbir giriş nitqləri ilə başlamışdır.

Tədbir iştirakçılarını salamlayan Azərbaycan Respublikasının AFR-dəki səfiri Pərviz Şahbazov 22 il əvvəl Xocalıda azərbaycanlı əhaliyə qarşı törədilmiş cinayətin təfərrüatları haqqında danışmışdır.

Səfir daha sonra Cənubi Qafqaz regionunun lideri olan Azərbaycanın Avropa İttifaqı və AFR-lə tərəfdaşlığının daim dərinləşdiyi barədə ətraflı məlumat vermiş, Ermənistan-Azərbaycan münaqişəsinin regionda sülhə böyük təhlükə olmaqla yanaşı, regionun inkişafı və Avropa İttifaqı ilə münasibətləri üçün maneələr yaratdığını vurğulamışdır. P.Şahbazov Ermənistanın ölkəmizə təcavüzünün ağır nəticələri və Xocalı soyqırımının ağrılarına baxmayaraq, Azərbaycanın münaqişənin sülh yolu ilə və ədalətli həllinə çalışdığını diqqətə çatdırmışdır.

Daha sonra çıxış edən Azərbaycan Respublikasının Xarici İşlər Nazirinin müavini Xələf Xələfov Dağlıq Qarabağ münaqişəsində status kvonun qəbul edilməz olduğunu və bunun dəyişilməsi üçün beynəlxalq səylərin artırılmalı olduğunu vurğulamışdır. Onun sözlərinə görə, Avropa İttifaqı özünün etibarlı tərəfdaşı olan Azərbaycanın yerləşdiyi regionda sülh və təhlükəsizliyin təmin edilməsinə daha böyük diqqət yetirməlidir. Nazir müavini qeyd etmişdir ki, işğala son qoyulması regional inkişaf və inteqrasiya proseslərinə təkan verərdi.

"Alman-Azərbaycan Forumu"nun sədr müavini, AFR Bundestaqının keçmiş deputatı Helqa Daub Dağlıq Qarabağ münaqişəsinin indiyədək həll olunmaması nəticəsində Azərbaycan torpaqlarının 20%-nin işğal altında qalması və bir milyonadək azərbaycanlının qaçqın və məcburi köçkün həyatı yaşamasını, azərbaycanlı mülki əhalinin qətlə yetirildiyi, Xocalı faciəsinin Azərbaycan və Ermənistan münasibətlərində dərin iz buraxdığını diqqətə çatdırmışdır. Xocalı hadisələrini insanlığın faciəsi adlandıran AFR İqtisadi Əməkdaşlıq Nazirliyinin dövlət katibi Kristian Şmit Almaniyanın Cənubi Qafqaz ölkələri ilə inkişafa yardım əməkdaşlığında münaqişələrin nizamlanması üçün münaqişə tərəfləri arasında qarşılıqlı etimadın yaradılmasına diqqət verdiyini vurğulamışdır.

Çıxışlardan sonra simpoziumda müzakirələr başlamışdır. AFR hökumətinin Rusiya, Mərkəzi Asiya və Şərq Tərəfdaşlığı ölkələri üzrə əlaqələndiricisi Qernot Erler Dağlıq Qarabağ münaqişəsinə Avropa İttifaqı-Rusiya-Cənubi Qafqaz münasibətləri konteksində yanaşan məruzə ilə çıxış etmişdir.

Q.Erler bildirmişdir ki, qonşuları Ermənistan və Gürcüstandan fərqli olaraq, Azərbaycan Avropa İttifaqı və Rusiya arasında seçim etmək deyil, onların hər ikisi ilə münasibətlərini dərinləşdirmək xəttini seçmişdir. Azərbaycan Avropa İttifaqı ilə strateji tərəfdaşlıq yaratmağa çalışır, eyni zamanda özünün bir nömrəli problemi olan ərazi bütövlüyünün bərpa olunması naminə Rusiya ilə əməkdaşlığı genişləndirir.

Tanınmış siyasətçi Ukraynadakı vəziyyətin Avropa İttifaqı və Rusiya münasibətlərində yaratdığı gərginliyin Cənubi Qafqaz üçün təhlükəli ola biləcəyini qeyd etmişdir. Onun sözlərinə görə, Rusiya və Avropa İttifaqı arasında Şərqi Avropa ölkələrinə münasibətdə bəzilərinin "Soyuq müharibə" adlandırdığı ziddiyyətlər Dağlıq Qarabağ münaqişəsini daha da dərinləşdirə bilər. Hal-hazırda Ukraynada özünü büruzə verən bu ziddiyyətlərin Cənubi Qafqazda baş verməsinin qarşısını almaq üçün Avropa siyasətçiləri Dağlıq Qarabağ münaqişəsinin həllinə ciddi fikir verməlidirlər.

Daha sonra Bundestaqın deputatı, ATƏT Parlament Assambleyasının sədr müavini Doris Barnett, Bundestaqın Xristian-Demokratlar/Xristian-Sosialist fraksiyasının idarə heyətinin üzvü Marko Vandervits, tanınmış "Fokus" jurnalının MDB ölkələri üzrə bürosunun rəhbəri Boris Raytşusterin iştirakı və Azərbaycanın Ştutqartdakı Fəxri Konsulu Otto Hauzerin moderatorluğu ilə keçirilmiş podium müzakirəsində Azərbaycanın Cənubi Qafqazın sabitliyi və təhlükəsizliyində yeri və rolu, Azərbaycan-Almaniya münasibətləri və bu mövzuların Almaniya mətbuatında işıqlandırılması haqqında söhbət aparılmışdır.

Tədbirin ikinci hissəsində isveçrəli jurnalist Andre Vidmerin "Unudulmuş münaqişə. Dağlıq Qarabağ müharibəsindən 20 il sonra" başlıqlı kitabının təqdimatı keçirilmişdir. Alman publisist Rixard Kislerin aparıcılığı ilə keçən təqdimat mərasimində müəllif A.Vidmer Ermənistan təcavüzünün yaratdığı fəsadlar, işğal altındakı torpaqlardakı vəziyyət və azərbaycanlı əhalinin qaçqın və məcburi köçkün həyatı haqqında təəssüratlarını bölüşmüş və münaqişə zonasından çəkdiyi şəkilləri nümayiş etdirmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti