...

Rəsmi Bakı Edvard Nalbandyanın parlamentdəki çıxışını irqçi düşüncənin təzahürü hesab edir (ƏLAVƏ OLUNUB)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 1 May 2014 17:41 (UTC +04:00)
Beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq, Azərbaycan xalqına qarşı etnik təmizləmə, işğal və təcavüz siyasəti yürütmüş Ermənistanın etnik və dini dözümlülük və mənəvi dəyərlərdən danışmağa heç bir haqqı və əsası yoxdur.
Rəsmi Bakı Edvard Nalbandyanın parlamentdəki çıxışını irqçi düşüncənin təzahürü hesab edir (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 1may /Trend, müxbir İ.İzzət/

Beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq, Azərbaycan xalqına qarşı etnik təmizləmə, işğal və təcavüz siyasəti yürütmüş Ermənistanın etnik və dini dözümlülük və mənəvi dəyərlərdən danışmağa heç bir haqqı və əsası yoxdur.

Trend-in məlumatına görə, bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev jurnalistlərə Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın 30 aprel 2014-cü il tarixində Ermənistan parlamentində etdiyi açıqlamalara münasibət bildirirkən deyib.

Onun fikrincə, Ermənistan xarici işlər naziri bu cür bəyanatla çıxış etməklə beynəlxalq münasibətlər haqqında öz dar təsəvvürünü ortaya qoyur. Öz köhnə ənənələrinə sadiq qalan Ermənistan xarici işlər naziri ölkəsinin yaşadığı problemləri başqasının üzərinə atmağa çalışır: "Bəşəriyyətə qarşı cinayətlər törətmiş və qonşu dövlətin ərazisini işğal etmiş Ermənistan nəinki Avropa Şurasının üzvlüyündən çıxarılmalı, hətta ona qarşı sanksiyalar tətbiq edilməlidir".

E.Abdullayev qeyd edib ki, zəngin dövlətçilik ənənələri olan Azərbaycan xalqı özünün çoxəsrlik tolerantlıq ənənələri ilə fəxr edir. Azərbaycan xalqının həyat tərzi olan bu ənənələr bu gün dünya miqyasında bir nümunə kimi qəbul olunur və qabaqcıl təcrübə kimi öyrənilir. Ermənistan da Azərbaycanın zəngin tolerantlıq ənənələrindən dərs götürməlidir: "Öz tarixi torpaqlarından milli mənsubiyyətinə görə azərbaycanlıların kütləvi şəkildə qovulmasını həyata keçirmiş və nəticə etibarilə, XX əsrin ən dəhşətli və böyükmiqyaslı humanitar fəlakətlərindən birinin törədilməsinə görə məsuliyyət daşıyan Ermənistan bu gün dünyada "nümunəvi" mono-etnik dövlətə çevrilib".

XİN-in sözçüsü bildirib ki, Ermənistan rəhbərliyinin Azərbaycan və erməni xalqlarının etnik baxımdan uyğunsuzluğu barəsində bəyanatları bu ölkənin rəhbərliyinin sahib çıxdığı irqçi düşüncənin təzahürüdür: "Görəsən Edvard Nalbəndyan öz prezidentinin bəyanatını niyə belə tez unudur? Beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq, Azərbaycan xalqına qarşı etnik təmizləmə, işğal və təcavüz siyasəti yürütmüş Ermənistanın etnik və dini dözümlülük və mənəvi dəyərlərdən danışmağa heç bir haqqı və əsası yoxdur.

Nəhayət ki, rəsmi İrəvan qonşu dövlətlərə və xalqlara qarşı nifrətdən, ərazi iddialarından əl çəkməli, regionda sülhün pozulmasına görə öz məsuliyyətini dərk etməli və öz xalqını sülhə hazırlamalıdır".

E.Abdullyevin sözlərinə görə, Ermənistan yenə də öz qeyri-konstruktiv siyasətinə sadiq qalaraq, müxtəlif bəhanələrlə Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunun azərbaycanlı və erməni icmaları arasında dialoqa və ümumilikdə danışıqlar prosesinin irəliləməsinə və regionda sülhün və sabitliyin bərqərar olmasına maneələr yaradır.

"İcmalararası dialoqun münaqişənin həlli prosesinə təsirini necə ola bilər?" sualına cavabında isə E.Abdullayev bildirib ki, ölkəmiz həmişə Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunun azərbaycanlı və erməni icmaları arasında dialoqun aparılmasının tərəfdarı olub: "Bildiyiniz kimi, hər iki icmanın nümayəndələrinin regiona qarşılıqlı səfərləri tərəfimizdən dəstəklənib. Hər iki icmanın Azərbaycan Respublikasının tərkibində dinc yanaşı yaşamasının labüd və zamanın tələbi olduğunu nəzərə alaraq, icmalararası dialoq qarşılıqlı anlaşmanın yaradılmasında mühüm rol oynaya bilər. İnanırıq ki, icmalararası dialoq qarşılıqlı anlaşma və etimad mühitinin yaradılması baxımından münaqişənin həlli prosesinə öz müsbət təsirini göstərə bilər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti