...

BQXK-nın Yerevan ofisi Kəlbəcərdə saxlanılan azərbaycanlılarla görüşlə bağlı danışıqlar aparır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 21 İyul 2014 17:32 (UTC +04:00)
Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Yerevan ofisi Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonunda saxlanılan azərbaycanlılarla görüşün təşkili üzrə danışıqlar aparır.
BQXK-nın Yerevan ofisi Kəlbəcərdə saxlanılan azərbaycanlılarla görüşlə bağlı danışıqlar aparır

Azərbaycan, Bakı, 21 iyul /Trend/

Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Yerevan ofisi Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonunda saxlanılan azərbaycanlılarla görüşün təşkili üzrə danışıqlar aparır. Trend-in məlumatına görə, bu barədə "Armİnfo" BQXK-nın kommunikasiyalar üzrə proqramının rəhbəri Zara Amatuniyə istinadən xəbər yayıb.

Onun sözlərinə görə, BQXK öz mandatı, eləcə də Cenevrə konvensiyası çərçivəsində çalışır və saxlanılanlarla görüşmək üçün imkan daxilində mümkün olan hər şeyi edir. Bu kontekstdə Amanuti əlavə edib ki, BQXK-nın mandatında bu və ya digər görüşün konkret zaman çərçivəsi göstərilməyib və hər şey konkret vəziyyətdən asılıdır.

Xatırladaq ki, Ermənistan KİV-də Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonunun Şaplar kəndində erməni xüsusi təyinatlıları tərəfindən aparılan xüsusi əməliyyat nəticəsində Həsən Həsənov adlı bir Azərbaycan vətəndaşının öldürüldüyü və iki azərbaycanlının - Şahbaz Calal oğlu Quliyev və Dilqəm Qardaşxan oğlu Əsgərovun girov götürüldüyü və onlara qarşı cinayət işinin açıldığı barədə məlumat yayılmışdı. O da bildirilmişdi ki, azərbaycanlıların zərərsizləşdirilməsi zamanı bir erməni zabiti öldürülmüş, onun arvadı isə yaralanmışdı.

Bununla bağlı Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası isə bəyan edib ki, son günlər Ermənistana aid elektron kütləvi informasiya vasitələrində yayılmış məlumatlarda, o cümlədən video və fotomateriallarda Azərbaycan Respublikasının Kəlbəcər rayonu ərazisində girov götürüldüyü bildirilən Azərbaycan vətəndaşlarının sonrakı taleyinin aydınlaşdırılması ilə bağlı məsələ Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının gündəlik diqqət mərkəzindədir.

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova Trend-ə deyib ki, ermənilər tərəfindən 2 nəfərin girov götürülməsi və bir nəfərin öldürülməsi ilə bağlı kütləvi informasiya vasitələrində haqqında məlumat yayılan azərbaycanlı şəxslərin ailələri rəsmən Beynəlxalq Qızıl Xaç Komitəsinə müraciət edib. Hazırda BQXK bu məsələ ilə əlaqədar tərəflərlə dialoqu davam etdirir.

Bundan daha öncə BQXK bəyan etmişdi ki, Azərbaycanın hakimiyyət orqanları Ermənistan tərəfindən işğal edilmiş ərazilərdə Azərbaycan vətəndaşının saxlanılması haqqında kütləvi informasiya vasitələrində gedən məlumatları dəqiqləşdirmək üçün Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) müraciət ediblər. Onun sözlərinə görə, Azərbaycan tərəfi BQXK-dan məlumatın təsdiqləndiyi halda mandatına uyğun prosedurları həyata keçirməyi xahiş edib.

Azərbaycan Müdafiə Nazirliyi bununla bağlı rəsmi açıqlama verərək bəyan edib ki, Ermənistan mediasında yayılan məlumatda adı çəkilən şəxslər Azərbaycan Silahlı Qüvvələrində xidmət etmir.

Müdafiə Nazirliyi həmçinin bəyan edib ki, işğal olunmuş ərazilər suveren Azərbaycanın torpaqlarıdır, azərbaycanlıların həmin ərazilərə keçməsinə və orada sərbəst hərəkət etməsinə qadağa qoyula bilməz. Erməni tərəfinin iddialaraına baxmayaraq, bu şəxslər heç bir dövlət sərhədini də pozmayıblar. Çünki işğal nəticəsində, qeyri-qanuni yolla "qurulmuş" qondarma rejimin nəzarətindəki torpaqlar BMT tərəfindən tanınan Azərbaycan Respublikasının ərazisidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti