...

AŞ-nin baş katibi azərbaycanlı girovların azad olunması üçün addımlar atmağa çağırıldı

Ermənistan-Azərbaycan münaqişəsi Materials 29 Yanvar 2015 15:28 (UTC +04:00)
Bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) qış sessiyası çərçivəsində Avropa Şurasının baş katibi Torbyorn Yaqland AŞ PA üzvləri qarşısında çıxış edib, sonra millət vəkillərinin suallarını cavablandırıb.
AŞ-nin baş katibi azərbaycanlı girovların azad olunması üçün addımlar atmağa çağırıldı

Azərbaycan, Bakı, 29 yanvar /Trend, müxbir Elçin Mehdiyev/

Bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) qış sessiyası çərçivəsində Avropa Şurasının baş katibi Torbyorn Yaqland AŞ PA üzvləri qarşısında çıxış edib, sonra millət vəkillərinin suallarını cavablandırıb.

Trend-in məlumatına görə, Azərbaycan nümayəndə heyətinin üzvü Qənirə Paşayeva baş katibə müraciət edərək azərbaycanlı girovların azad olunması üçün addımlar atmağa çağırıb.

Q.Paşayeva qeyd edib ki, bir neçə ay əvvəl Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində qurulmuş və beynəlxalq ictimaiyyətin tanınmadığı separatçı erməni rejimi tərəfindən girov götürülən azərbaycanlılar, məcburi köçkünlər Şahbaz Quliyev və Dilqəm Əsgərova qarşı bütün beynəlxalq normalar pozularaq insanlıqdan kənar əməllər həyata keçirilib: "Şahbaz Quliyev və Dilqəm Əsgərova qarşı saxta məhkəmələr quraraq onları hələ də girov saxlamaqda, əziyyət və işgəncələr verilməkdə davam edirlər və azad etməkdən imtina edirlər. Onların ailələri sizdən dəstək gözləyir. Onların girovluqdan azad edilməsi, azadlığa çıxması üçün bir baş katib kimi hansı addımlar ata bilərsiniz və ya atmağı planlaşdırırsınız?"

Baş katib isə cavabında vəziyyətin gərginliyini xüsusi vurğulayıb: "Bu, Azərbaycanla Ermənistan arasındakı Dağlıq Qarabağ münaqişəsi ilə bağlıdır. AŞ indiyə kimi bu münaqişənin həllində heç bir rol oynamayıb. Bu məsələ ilə ATƏT-in Minsk qrupu məşğul olur. Amma AŞ PA-nın Avropada insan hüquqlarının vəziyyətinə dair qəbul etdiyi son hesabatda deyilir ki, biz dondurulmuş münaqişələr olan bölgələrdə öz alətlərimizi işlədə bilmirik. Bu, insan hüquqlarının qorunması baxımından bir növ qara dəliklərdir. Biz də hazırda düşünürük ki, bu konkret məsələ ilə bağlı necə fəaliyyət göstərə bilərik, hansı töhfələrimizi verə bilərik. Hələlik biz heç nə edə bilmirik. Biz praktiki baxımdan nələr edə bilərik? Biz bu sahədə yalnız insan hüquqlarını qorumalıyıq. Amma burada münaqişə olduğundan, bu çox həssas bir məsələdir. Amma mən yenə də əvvəlki kimi Konvensiyamızın dondurulmuş münaqişələrin mövcud olduğu bökgələrdə tətbiq oluna bilməməsinə təkidlə qarşı çıxıram. Avropada hamı, o cümlədən Dnestryanı bölgədə, Dağlıq Qarabağda hamı bizim İnsan hüquqları üzrə Avropa Konvensiyamızla və digər uyğun beynəlxalq sənədlərlə qorunmalıdırlar".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti