...

Gənc Liderlərin Xocalı tədbiri

Ermənistan-Azərbaycan münaqişəsi Materials 25 Fevral 2015 12:40 (UTC +04:00)
“Xocalıya Ədalət” kampaniyası çərçivəsində Gənc Liderlər “Xocalı soyqırımı 23 il - Əsrin faciəsi yaddaşlarda” adı maarifləndirmə tədbiri təşkil etmişlər.
Gənc Liderlərin Xocalı tədbiri

Azərbaycan, Bakı, 25 fevral /Trend/

"Xocalıya Ədalət" kampaniyası çərçivəsində Gənc Liderlər "Xocalı soyqırımı 23 il - Əsrin faciəsi yaddaşlarda" adı maarifləndirmə tədbiri təşkil etmişlər.

Tədbirin məqsədi "Xocalıya Ədalət" kampaniyasına dəstək vermək, dünyanın diqqətini bir daha Xocalı soyqırımına yönəltmək olmuşdur.

Tədbirdə bir sıra qonaqlar iştirak etmişlər: ictimaiyyət nümayəndələri, Gənclər təşkilatlarının sədrləri, KİV və QHT rəhbərləri. Tədbirdə "Azərişıq" ASC-nin YAP GB sədri Nicat Müslümov, politoloq Ramiz Aliyev, keçmiş millət vəkili Anar Axundzadə, iqtisad elmləri namizədi, iqtisadçı, hüquqşunas Cavid İsmayılov, Hurriyet.Az-ın baş redaktoru Rövşən Tağiyev, aparıcı Anar Nəcəli, AZTV-nin əmkdaşı Ruslan Həsənov, BDU-nun Tələbə Həmkarlar Təşkilatının sədr müavini Yavər Məmmədova, "Gənclərin Mənəvi İnkişafı" İctimai Birliyinin sədr müavini Ləman Priyeva, "Mir" Dövlətlərarası Teleradio Şirkətinin Azərbaycan Milli Nümayəndəliyinin baş prodüseri Mübariz Hacıyev və professor Qüdsiyət İsakov çıxış etmiş, Xocalı soyqırımı haqqında tədbir iştirakçılarına genış məlumat vermişlər.

Bildirilmişdir ki, erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca amansızlıqla qətlə yetirilmiş, 487 nəfər şikəst olmuş, 1275 dinc sakin əsir götürülmüş, 155 nəfərin taleyi isə hələ də məlum deyildir. Bu soyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini itirmişdir. Xocalı faciəsi 200 ilə yaxın bir müddətdə erməni millətçilərinin və onların havadarlarının Azərbaycan xalqına qarşı apardığı etnik təmizləmə və soyqırımı siyasətinin davamıdır. Soyqırımı zamanı 56 nəfər xüsusi qəddarlıqla öldürülmüş, 3 nəfər diri-diri yandırılmış, başlarının dərisi soyulmuş, bədən əzaları və başları kəsilmiş, gözləri çıxarılmış, hamilə qadınların qarnı süngü ilə yarılmışdır. Bu əməllərin qabaqcadan düşünülmüş qaydada, milli əlamətinə görə insanların tamamilə və ya qismən məhv edilməsi niyyəti ilə törədilməsi Xocalı faciəsinin beynəlxalq hüquqa əsasən məhz soyqırımı olduğunu təsdiq edir. İnsanlığa qarşı törədilmiş bu cinayət aktı beynəlxalq aləm tərəfindən öz hüquqi qiymətini almalıdır.

Qeyd olunmuşdur ki, Azərbaycan dövləti erməni millətçilərinin xalqımıza qarşı törətdiyi cinayətlər, o cümlədən Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırım kimi tanıdılması üçün məqsədyönlü və ardıcıl fəaliyyət göstərir. Prezident İlham Əliyev Xocalı faciəsini təcavüzkar erməni millətçilərinin yüzilliklər boyu Azərbaycan xalqına qarşı apardığı soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsi kimi qiymətləndirmişdir. Bu qanlı gecədə erməni təcavüzkarlarının törətdikləri vəhşilik yaddaşlardan heç zaman silinməyəcəkdir. Çünki həmin gecə baş verənlər təkcə Azərbaycan xalqına qarşı soyqırımı deyildi, bəşəriyyətə, insanlığa qarşı törədilmiş qanlı cinayət idi. Buna baxmayaraq, o zamankı Azərbaycan hakimiyyəti bu dəhşətli hadisəyə siyasi qiymət verilməsi, qanlı qırğın barədə obyektiv məlumatların dünya ictimaiyyətinə çatdırılması üçün heç bir iş görməmişdi. Yalnız ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə gəldikdən sonra bu qanlı faciəyə hüquqi-siyasi qiymət verilmişdir. 1994-cü ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan parlamenti 26 fevralı Xocalı soyqırımı günü kimi elan etmişdir. Kampaniyanın məqsədi bu faciə barədə dünya ictimaiyyətinə məlumat verməkdir.

Bildirilmişdir ki, əlbəttə, bizim bu gün gördüyümüz işlər həlak olmuş insanların həyatını qaytara, sağ qalmış xocalıların yarasını sağalda bilməz. Biz o qadınları, uşaqları və qocaları heç zaman unutmayacağıq.

Natiqlər eyni zamanda, bəyan etmişlər ki, bu cür maarifləndirmə tədbirləri Heydər Əliyev Fondunun vitse-preziden Leyla Əliyevanın təşəbbüsü ilə başladılan "Xocalıya Ədalət" kampaniyasının tərkib hissəsidir. Sonda tədbir iştirakçılarına 2012-ci ildə politoloq Ramiz Aliyevin müəllifliyi ilə dərc olunan "The Voice of History" ("Tarixin səsi") adlı kitab paylanılmışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti