...

Avstraliyada Xocalı soyqırımı ilə əlaqədar məlumatlandırma aksiyası (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 Fevral 2015 16:14 (UTC +04:00)
Avstraliyada Xocalı soyqırımı ilə əlaqədar məlumatlandırma aksiyası keçirilib.
Avstraliyada Xocalı soyqırımı ilə əlaqədar məlumatlandırma aksiyası (FOTO)

Azərbaycan, Bakı, 26 fevral /Trend, müxbir İlkin İzzət/

Avstraliyada Xocalı soyqırımı ilə əlaqədar məlumatlandırma aksiyası keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Xocalı soyqırımının 23-ci ildönümü ilə əlaqədar bu gün Avstraliyanın Sidney şəhərində məlumatlandırma və imzatoplama aksiyası keçirilib. Aksiya Azərbaycan Respublikasının Avstraliya İttifaqındakı səfirliyinin dəstəyi ilə təşkil olunub.

6 saat davam edən aksiyada Xocalı faciəsinin soyqırım kimi tanınması məqsədi ilə federal və ştat parlamentlərinə ünvanlanacaq icma petisiyası üçün imzalar toplanıb. Ərazidə qurulmuş stendlərdə isə soyqırımını əks etdirən fotoşəkillər nümayiş olunub, yerli sakinlərə broşür və bukletlər paylanıb.

Aksiyada Avstraliyada təhsil alan azərbaycanlı tələbələr, yerli azərbaycanlı və türk icmasının üzviləri, Azərbaycan səfirliyinin əməkdaşları iştirak edib.

Azərbaycan-Avstraliya-Türk Dostluq Cəmiyyətinin prezidenti İmamətdin Qasımov bildirib ki, məlumatlandırma aksiyalarının mütəmadi keçirilməsi, federal və ştat parlamentlərinə müraciətlərin edilməsi erməni diasporunun yalanlarını ifşa etməklə əsl həqiqətləri ictimaiyyətə çatdırır.

Bundan başqa, fevralın 27-də ölkənin ən böyük məscidi Gelibolu məscidində cümə namazından öncə soyqırımı ilə bağlı ətraflı məlumat verilməsi, faciə qurbanlarının ruhuna dualar oxunması nəzərdə tutulub.

Sidney şəhərində fəaliyyət göstərən "Azərbaycanın Səsi" (Voice of Azerbaijan) radiosu son buraxılışlarını Xocalı soyqırımına həsr edib. Radioproqramın rəhbəri Gülzar Qasımovanın təqdimatında efirə gedən verilişdə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı, Ermənistan silahlı qüvvələri tərəfindən yerli dinc azərbaycanlılara qarşı xüsusi qəddarlıqla soyqırımı aktının həyata keçirilməsi, Xocalı soyqırımının dünyada tanınmasında türk xalqlarının birgə fəaliyyəti və digər mövzularda müzakirələr aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti