...

Etiraza cavab: "Chatham House" institutu Azərbaycanın suverenliyinə və müstəqilliyinə hörmətlə yanaşır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 4 İyul 2015 14:22 (UTC +04:00)
Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qondarma separatçı rejimin başçısı kimi özünü təqdim edən Bako Saakyan adlı şəxsin iştirakı ilə “Chatham House - Kral Beynəlxalq Münasibətlər İnstitutu”nda 8 iyul 2015-ci keçirilməsi nəzərdə tutulan tədbirlə bağlı Azərbaycanın bu ölkədəki səfirliyi tərəfindən “Chatham House” institutuna etiraz məktubu ünvanlanıb və müvafiq görüş keçirilib.
Etiraza cavab: "Chatham House" institutu Azərbaycanın suverenliyinə və müstəqilliyinə hörmətlə yanaşır

Azərbaycan, Bakı, 4 iyul /Trend/

Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qondarma separatçı rejimin başçısı kimi özünü təqdim edən Bako Saakyan adlı şəxsin iştirakı ilə "Chatham House - Kral Beynəlxalq Münasibətlər İnstitutu"nda 8 iyul 2015-ci keçirilməsi nəzərdə tutulan tədbirlə bağlı Azərbaycanın bu ölkədəki səfirliyi tərəfindən "Chatham House" institutuna etiraz məktubu ünvanlanıb və müvafiq görüş keçirilib.

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata əsasən, "Chatham House - Kral Beynəlxalq Münasibətlər İnstitutu"nun rəhbərliyi tərəfindən səfirliyə göndərilmiş cavab məktubunda belə bir görüşün təşkilinin heç bir halda qondarma "Dağlıq Qarabağ"ın mövqeyinin təsdiqi və ya tanınması mənası daşımadığı vurğulanır. B.Saakyanın səfəri ilə əlaqədar Azərbaycanın narahatlığının başa düşüldüyü qeyd olunaraq, "Chatham House"un Azərbaycanın suverenliyinə və müstəqilliyinə hörmətlə yanaşdığı bildirilir.

Məktubda bu görüşün KİV-in iştirakı ilə ictimai tədbir xarakteri daşımadığı, yalnız institutun məhdud sayda ekspertlərinin iştirakı ilə "Chatham House qaydaları" əsasında təşkil ediləcəyi qeyd olunaraq, heç bir halda separatizm məramlarının təşviqinə xidmət etmədiyi diqqətə çatdırılır.

Habelə bu tədbirin məhdud çərçivədə keçiriləcəyini nəzərə alaraq, onun barədə "Chatham House"un internet saytında verilmiş elanın da çıxarıldığı məktubda qeyd olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti