...

Brüsseldə "Ağdam: 5 epizod" filminin təqdimatı olub (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 12 Fevral 2016 19:23
Şuranın dəstəyi ilə hazırlanmış "Ağdam: 5 epizod" filminin Brüsselin "Bozar" İncəsənət Mərkəzində təqdimatı olub.
Brüsseldə "Ağdam: 5 epizod" filminin təqdimatı olub (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Fevralın 11-də Belçikanın Brüssel şəhərində Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Belçikanın "Qafqazın Qovuşma Nöqtəsi" təşkilatının çəkdiyi "Ağdam: 5 epizod" filminin təqdimat mərasimi keçirilib.

Şuranın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Brüsselin nüfuzlu mədəniyyət tədbirlərinin keçirildiyi "Bozar" İncəsənət Mərkəzində baş tutan təqdimat mərasiminə Azərbaycanın Belçika Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Fuad İsgəndərov, Belçika-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Ayhan Dəmirçi, Brüsseldə akkreditə olunmuş diplomatik korpusun rəhbərləri, QHT nümayəndələri, media orqanlarının təmsilçiləri qatılıblar.

"Qafqazın Qovuşma Nöqtəsi" təşkilatının sədri Mişel İvor mərasimdə çıxış edərək layihə haqqında ətraflı məlumat verib və filmin hazırlanmasına göstərdiyi dəstəyə görə Şuraya təşəkkürünü bildirib.

Daha sonra film nümayiş olunub. Filmdə Ermənistanın işğalçılıq siyasəti nəticəsində Ağdam şəhərindən olan və məcburi köçkün həyatı yaşayan 5 nəfərin təəssüratları və xatirələri yer alıb. Eyni zamanda Ağdam şəhərinin qədim abidələri, təbiəti, müharibədən əvvəlki və işğaldan sonrakı vəziyyətinə dair kadrlar filmdə əksini tapıb.

Təqdimat mərasimində qeyd olunub ki, əgər Avropa ictimaiyyəti zamanında Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasətinə obyektiv və ədalətli münasibət bəsləsəydi, analoji münaqişə ocaqlarının artması nəticəsində hazırkı miqrant problemi ilə rastlaşmazdı.

Azərbaycanı səfiri F.İsgəndərov filmdə Ermənistanın işğalçılıq siyasətini ifşa edən tutarlı faktların yer aldığını deyib. O, qeyd edib ki, Azərbaycan incəsənət vasitəsilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin Avropa ictimaiyyətinə çatdırılması istiqamətində davamlı iş aparır.

Avropa-Azərbaycan Cəmiyyətinin Belçika nümayəndəliyinin rəhbəri Mark Fervilqen diqqəti "Ağdam: 5 epizod" filmindəki insanlara çəkərək qeyd edib ki, Ermənistanın işğalı nəticəsində doğma şəhərlərindən məhrum olan, maddi-mənəvi cəhətdən ağır itkilərə məruz qalan köçkünlərdə heç bir nifrət hissi yoxdur. Onlar sadəcə doğma torpaqlarına qayıtmaq istəyirlər. M.Fervilqen münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamədə Ermənistanın işğalçılıq siyasətinin açıq şəkildə əksini tapdığını və beynəlxalq ictimaiyyətin rəsmi İrəvana təzyiqləri artırmalı olduğunu vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti