...

Ehud Barak: Dağlıq Qarabağ münaqişəsinin ədalətli və vicdanlı həllini dəstəkləyirəm

Ermənistan-Azərbaycan münaqişəsi Materials 10 Mart 2016 13:36 (UTC +04:00)
“Mən Dağlıq Qarabağ münaqişəsinin ədalətli və vicdanlı həllini dəstəkləyirəm”.
Ehud Barak: Dağlıq Qarabağ münaqişəsinin ədalətli və vicdanlı həllini dəstəkləyirəm

Bakı. Elçin Mehdiyev - Trend:

"Mən Dağlıq Qarabağ münaqişəsinin ədalətli və vicdanlı həllini dəstəkləyirəm".

Trend-in məlumatına görə, bunu jurnalistlərə İsrailin sabiq baş naziri Ehud Barak deyib.

E.Barak bildirib ki, Bakıda keçirilən IV Qlobal Forum Azərbaycanın irəliyə doğru atdığı böyük bir addımdır: "Bu qədər liderləri bir araya toplamaq multikulturalizm və insanların bir-birini anlaması sahəsində böyük addımdır. Azərbaycan tək gözəl struktura görə deyil, başqa xalqlara münasibətində, öz daxili cəmiyyətində ildən-ilə irəliləyir. Burada olan hər kəs sizin ölkənizdə baş verənləri yüksək qiymətləndirir".

E.Barak deyib ki, Azərbaycan açıq güclü şəkildə tolerant cəmiyyətdir: "Azərbaycan bir tərəfdən açıq ölkədir, digər tərəfdən qonşuları ilə balanslı yaxşı münasibətlər saxlayır. Birindən başqa. Bu ona böyük misaldır ki, regional ölkələr güclü səylər göstərməlidirlər ki, bütün qonşuları ilə sülh və əməkdaşlıq içərisində yaşasınlar".

Qeyd edək ki, iki gün davam edəcək tədbirdə qlobal etimadsızlıq və təhlükəsizlik (İŞİD və terrorizm; Suriya, Ukrayna münaqişələri); regional dinamiklik və təhlükələr (İran, Xəzər regionu, Suriya və daha geniş Avropa); iqtisadi amillərin əhəmiyyəti və qeyri-bərabərliyi, Qərbin zəifləməsi və qlobal iqtisadi çətinliklərin ciddi nəticələri; iqlim dəyişikliyi və enerji siyasəti: neft istehsal edən ölkələrin rolu; multikulturalizm, dinlərarası dialoq və qarşılıqlı inteqrasiya kimi mühüm istiqamətlər üzrə müzakirələr aparılacaq.

"Müasir dövrün qlobal çağırışı" adlı açılış sessiyasında bir sıra digər dövlət və hökumət rəhbərləri çıxış edəcək, habelə video-müraciətlər nümayiş etdiriləcək.

Plenar sessiyada və panel iclaslarında dövlət və hökumət başçıları, tanınmış ictimai-siyasi xadimlər, nüfuzlu ekspertlərin iştirakı ilə gündəlikdə nəzərdə tutulmuş mövzular ətrafında müzakirələr və fikir mübadiləsi aparılacaq.

Forumun işində 7 fəaliyyətdə olan prezident, 1 vitse-prezident, 27 sabiq prezident, 23 sabiq baş nazir və çoxlu sayda fəaliyyətdə olan və keçmiş rəsmi şəxs, həmçinin nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri və yüksək vəzifəli nümayəndələri, tanınmış siyasətçilər, ekspertlər iştirak edirlər.

lV Qlobal Bakı Forumunda dünyada iqtisadi, siyasi və humanitar proseslər, qlobal təhlükəsizlik, etnik, dini və siyasi zəmində baş verən münaqişələr, insan hüquqları, gənclər, miqrasiya, multikulturalizm, inteqrasiya və digər mühüm məsələlər müzakirə ediləcək, mövcud problemlərin həlli yolları araşdırılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti