Azərbaycan xəbərlər xidməti
Mətanət Əliyeva - Trend:
Gözlədim, həm də bir xeyli ki, ATƏT həmsədrləri səslərini çıxararlar, yalandan da olsa bir-iki kəlimə söz deyərlər. Amma danışmadılar ki, danışmadılar. Heç olmasa üzdə, görüntü xətrinə belə olsa da, mövqelərinə, daşıdıqları missiyalarına uyğun olaraq onlar Qarabağda - Azərbaycanın işğal altındakı torpaqlarında Ermənistanın yaratdığı qondarma cinayətkar rejimin özbaşınalıqlarına - "müstəqillik yubileyi - 25 illik", konfrans, forum, festival, konsert - və bir çox müxtəlif adlar altında ermənilərin oyunlarına bir cavab verərlər.
Bunu etmədilər. Çi fayda, daşdan səs çıxdı, əlinə sülh bayrağı alıb ortalıqda illərdir gəzən bu adamlardan səs çıxmadı. Guya sülh missiyasını yerinə yetirirlər və yaxud da yetirməyə çalışırlar. Allah kəssin belə "sülhpərvərliyi", missiyanı... Elə bil ermənilərin qarşısında "susmaq öhdəliyi" götürüblər.
Məntiqi olaraq ortaya sual çıxır - Niyə? Əslində, diplomatiyadan az-çox başı çıxanlar bilirlər ki, baş verən hər hansı hadisə ilə bağlı danışmamaq, yəni susmağın özü bir hərəkətdir, hərəkətsizlik deyil. Həmsədrlərin missiyasının adı fəaliyyət olub, əslində fəaliyyətsizliyə çevrilib. Bundan daha pisi isə Qarabağ münaqişəsində atəşkəs elan ediləndən bu yana onlar Azərbaycanın ədalətli mövqeyi ilə əlaqədar konkret, qəti mövqe bildirilməli zamanlarda əksərən susublar və ermənilərin işğal siyasətini davam etdirmələrinə göz yumublar.
Susmalarının səbəbi nədir?
Var üzdə görünən siyasət, var da altdan yürüdülən siyasət. Sualımın cavabı həmsədrlərin və onların aid olduqları supergüclərin diplomatik gediş saydıqları ikinci yanaşmadır.
Qondarma cinayətkar rejimin separatçı əməllərinə "25 illik şənliklərinə" heç bir formada reaksiya verilmədi. Bunun adı nə diplomatiya, nə siyasət, nə sülh danışıqları, nə beynəlxalq hüquqların təminatı, qısası heç nə deyil. Bunun adı ancaq ikiüzlülük və Azərbaycan dövlətinə və xalqına qarşı xəyanətdir.
Azərbaycan müharibə şəraitində yaşayır. İşğal olunmuş torpaqlar ya sülh yolu ilə, ya da müharibə ilə geri qaytarılmalıdır. Təmas xəttində kişik bir hərəkətlənmə müharibəni yenidən alovlandırmağa səbəbdir. Həssas, kövrək olan atəşkəs rejimi isə hər dəfə Ermənistan tərəfinin təxribatları ilə pozulur. Sərhəddə şəhid olan hər bir əsgərimiz, atılan hər güllə Azərbaycanın cavab atəşi açmasını zəruri edir. Ermənistan isə artıq məğlub tərəf olaraq bir daha müharibə başlamağa cəsarət etməz.
Yeri gəlmişkən, bir məqamı da qeyd etməyi vacib hesab edirəm. Qarabağda yaşayan ermənilər o torpaqları tərk etmək istəyirlər. Buna hər vəchlə mane olan ermənilər isə onları bizim torpaqlarda girov saxlayırlar. Gün kimi aydın olan səbəb isə odur ki, işğal olunan torpaqları ermənilər tərk edərlərsə, onsuz da təklənmiş Ermənistan çıxa bilməyəcəyi siyasi bataqlığın içinə birdəfəlik düşər. Əlinə düşən hər fürsətdən yararlanan ermənilər hətta insan faktorundan belə utanmadan istifadə edirlər. Rəsmi Bakı öz istəyi və ya digər səbəblərlə Azərbaycana gəlmiş erməniləri hər dəfə geri qaytarsa da, bunu qarşı tərəfin etdiyi deyilə bilməz.
Guya o torpaqlarda "müstəqil" dövlət qurduqlarını iddia edən ermənilərin "həmyerlilərinin" o torpaqları tam tərk etdikləri təqdirdə düşəcəkləri vəziyyəti təxmin etmək çətin deyil - sabun köpüyünə bənzəyən erməni mifi birdəfəlik dağılır. Ermənilərin o torpaqlarda yaşamaq istəməmələri erməni lobbisinin Azərbaycan torpaqlarında ikinci dövlət qurmaq niyyətləri ilə bağlı illərlə çəkdikləri əziyyətləri puç edər. Bu səbəbdən qondarma cinayətkar rejim bu gün erməniləri işğal olunmuş torpaqlarda girov saxlamaqda davam edir. Bu halda onları azad etmək, insan kimi azad yaşamaq haqlarını özlərinə qaytarmaq Azərbaycan dövlətinin üzərinə düşər. Birincisi, o torpaqlar bizim dədə-baba yurdumuzdur və işğaldan azad olunmalıdır. İkincisi, həmin insanlara normal, azad yaşamaq hüququnun verilməsi qanunların aliliyi çərçivəsində təmin edilməlidir. Dövlət olaraq Azərbaycan öz torpaqlarında istənilən qanunsuz hərəkətlərin qarşısını qanunların vermiş olduğu səlahiyyətlərlə icra etmək hüququna tam malikdir.
Azərbaycan dövləti az öncə sadaladığım hüquqlarından vaz keçmir. Dövlətimiz sülh imkanlarının tam bitdiyi halda qəti addımlar atacaq. Humanizmdən çıxış edərək torpaqlarında yenidən qan tökülməsini, övladlarının ölməsini istəməyən Azərbaycan erməni hiyləgərliyi qarşısında öz mövqeyini dəfələrlə aydın şəkildə bildirib. İşğala son qoyulmalıdır. Uduzanın kim olduğu isə artıq hamıya bəllidir, məncə ermənilərə də.