...

Boluda Qarabağ parkı və ilk Xarıbülbül abidəsinin açılışı olub (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 23 Fevral 2017 13:03 (UTC +04:00)

Bakı. Trend:

Türkiyənin Bolu vilayətində Qarabağ parkı və ilk Xarıbülbül abidəsinin açılışı olub.

Trend-in məlumatına görə, Azərbaycan və Türkiyə millət vəkillərininin, ziyalılarının, Türk dünyasının müxtəlif bölgələrindən gəlmiş tanınmış aydınların, Bolu valisi və bələdiyyə başqanının, QHT, KİV rəhbərləri və yüzlərlə yerli sakinin iştirakı ilə keçirilən Qarabağ parkı və Qarabağ, Xarıbülbül abidəsinin açılışı mərasimində Bolu bələdiyyə başqanı Alaeddin Yılmaz çıxış edib.

O bildirib ki, bir neçə ay əvvəl bölgədə Qarabağ problemi ilə bağlı konfrans verən millət vəkili Qənirə Paşayeva Boluda Qarabağ parkı təklifi ilə çıxış etdiyi zaman bir bələdiyyə başqanı olaraq qısa zamanda bu təklifin reallaşacağını söyləmişdi və bu gün bu parkın açılışını həyata keçirməkdən çox məmnundur. Azərbaycana böyük sevgi bəslədiyini deyən bələdiyyə başqanı Alaeddin Yılmaz və Bolu valisi Aydın Baruş bildiriblər ki, Qarabağ, Xocalı soyqırımı ağrısı bütün Türklərin ağrısıdır və inşallah bu problemi birlikdə həll edəcəyik. Boluda İstanbul-Ankara yolu üzərində yerləşən və böyük bir ərazini əhatə edən yüksək səviyyəli Qarabağ parkını ziyarət edəcək hər bir insan Qarabağ, Xocalı soyqırımı həqiqətləri ilə bağlı məlumatları əldə edə biləcəklər.

Qarabağ, Xarıbülbül abidəsi qoyulmuş Qarabağ parkında hər iki qardaş ölkənin bayrağının bərabər dalğalanacağını deyən bələdiyyə başqanı inşallah qısa zamanda Azərbaycanın işğal altında olan torpaqlarının azad olunmasını istəyirik və bunun üçün birlikdə mübarizə edəcəyik deyib. Bələdiyyə başqanı bu heykəlin Azərbaycanda hazırlanaraq Boluya gətirilməsini öz üzərinə götürən Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri, millət vəkili Q.Paşayevaya, Yeni Yurd İctimai Birliyinin sədri Mahirə Əsədovaya, heykəltaraş Akif Əsgərova bolulular adından təşəkkürünü bildirib. O bu abidənin Bolu üçün çox böyük bir hədiyyə olduğunu deyib. Parkın açılışında çıxış edən millət vəkili Q.Paşayeva Bolu bələdiyyə başqanına və əməyi keçən hər kəsə təşəkkür edərək Ermənistanın işğalçılıq siyasəti, Xocalı soyqırımı, Ermənistanın işğal etdiyi torpaqlarımızda törətdiyi vandalizm aktları, 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün hələ də öz evinə dönə bilməməsi, beynəlxalq təşkilatların bunun üçün rəsmi İrəvana heç bir təzyiq göstərməməsi, ikili standartlar barədə geniş çıxış edib.

Çıxışına Azərbaycan və Türkiyə uğrunda şəhid olan bütün insanlarımızın qarşısında baş əyərək, qazilərimizi sayğı ilə anırıq sözləri ilə başlayan millət vəkili Q.Paşayeva bildirib ki, Azərbaycan və Türkiyə Azərbaycanın ümumimilli lideri Heydər Əliyevin söylədiyi kimi bir millət, iki dövlətdir və bu gün Boluda Qarabağ parkı və Qarabağ, Xarıbülbül abidəsinin açılışı dosta da, düşmənə də ciddi bir mesajdır: “Harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanı bu gün Azərbaycanın yanında olmalı, həqiqətlərin dünyaya daha geniş çatdırılması üçün çalışmalıdır”.

Qarabağ, Xarıbülbül abidəsi barədə geniş məlumat verən millət vəkili Q.Paşayeva bildirib ki, qardaş Türkiyədə ilk Xarıbülbül heykəli Boluda açıldı. Heykəlin memarı Akif Əsgərovla heykəl hazırlanmadan öncə geniş müzakirələr apardıqlarını deyən millət vəkili Q. Paşayeva Xarıbülbül abidəsi, Qarabağla bağlı geniş bilgilər verdiyini də deyib. O bildirib ki, Xarıbülbül abidəsinin üzərində Azərbaycanın və bütün Türk dünyasınını böyük şairləri və aydınları Molla Pənah Vaqif və Xan qızı Xurşudbanu Natavanın kiçik heykəlləri, qədim Şuşa məscidi, muğam musiqimizin ifasıni əks etdirən muğam üçlüyü, Xocalı soyqırımını əks etdirən fəryad edən ana abidəsi öz əksini tapır.

Heykəltaraş Akif Əsgərova təşəkkürünü bildirən millət vəkili Q.Paşayeva bildirib ki, rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB olaraq Yeni Yurd İctimai Birliyi ilə birlikdə bu heykəlin hazırlanmasına dəstəyi özlərinə borc biliblər. Yeni Yurd İctimai Birliyinin rəhbəri Mahirə Əsədova da Boluda belə bir heykəlin açılmasından bütün şəhidlərimizin ruhunun şad olduğunu deyib: "Belə abidələr yaxın zamanlarda Ali Baş Komandanımızın rəhbərliyi ilə işğaldan azad edəcəyimiz gözəl Qarabağımızda da ucalsın".

O, Azərbaycanın və ordumuzun inkişafından da danışaraq bildirib ki, Azərbaycan və Türkiyə arasında bütün istqiqamətlərdə əməkdaşlığın genişlənməsi bölgədə gücümüzü daha da artırır.

Q.Paşayeva deyib: "İnanıram ki, biz Azərbaycan və Türkiyə olaraq əl-ələ verib torpaqlarımızı Ermənistanın işğalından azad edəcək və o gözəl torpaqlarımızda Bolu adına parkın açılışında da birlikdə iştirak edəcək, bu cür tədbirləri o gözəl torpaqımızda da keçirəcəyik. Getdiyimiz hər bölgədə bu təkliflə çıxış edirik. Ümid edirik ki, Boludakı bu yüksək səviyyəli park və abidənin açılmasından sonra bir çox bələdiyyələr də bu addımı atacaq. Onları buna çağırırıq".

Çıxışlardan sonra Azərbaycanın Əməkdar Artisti Nuriyyə Hüseynovanın canlı Qarabağ şikəstəsi ifasında Qarabağ parkı və Xarıbülbül abidəsinin açılışı olub, parkın və abidənin lenti kəsilib, şəhidlərimizin ruhuna dualar oxunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti