Bakı. Trend:
Bu gün Azərbaycanın Aktau şəhərindəki Baş konsulluğu tərəfindən “Xocalıya Ədalət” kompaniyası çərçivəsində Atırau şəhərində Atırau Dövlət Kiçik İncəsənət Akademiyasında “Xocalıya Ədalət” kompaniyası çərçivəsində tədbir keçirilib.
Konsulluqdan Trend-ə verilən məlumata görə, tədbirdə Atırau vilayətində yaşayan çox saylı soydaşlarımızla yanaşı vilayətin tanınmış ziyalıları, ictimaiyyət nümayəndələri, Aktau şəhərinin incəsənət və rəssamlıq məktəblərinin müəllim və tələbələri, vilayətdə fəaliyyət göstərən digər diasporaların rəhbərləri və üzvləri, KİV nümayəndələri iştirak ediblər.
Tədbirin əvvəlində qonaqlar, Baş konsulluq tərəfindən “Xocalıya Ədalət” kompaniyası çərçıvəsində Aktau şəhərində uşaq və yeniyetmə rəssamlar arasında “Biz ədalət tələb edirik!” mövzusunda keçirilmiş müsabiqədə iştirak etmiş rəsmlərin sərgisinə baxıblar.
Tədbirin rəsmi açılış mərasimində Xocalı soyqırımının qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Daha sonra Baş konsulluğun rəhbəri Elxan Zeynalov çıxış edərək, ermənilərin Xocalı şəhərində törətdiyi soyqırım haqqında məlumat verib. O, ermənilər tərəfindən törədilmiş cinayətin dünya ictimaiyyətinə çatdırılmasında son illərdə Azərbaycan dövləti və xarici ölkələrdə yaşayan soydaşlarımız tərəfindən aparılan işlərdən, Leyla Əliyevanın rəhbərliyi ilə həyata keçirilən “Xocalıya Ədalət” kompaniyasından danışıb. O, Baş konsulluq tərəfindən “Xocalıya Ədalət” kompaniyası çərçıvəsində Atırau şəhərində uşaq və yeniyetmə rəssamlar arasında “Biz ədalət tələb edirik!” mövzusunda keçirilmiş müsabiqə haqqında danışaraq, Baş konsulluğun həyata keçirdiyi layihəyə dəstək vermiş rəssamlıq məktəblərinə və yeniyetmə və gənc rəssamlara minnətdarlığını bildirib.
E.Zeynalov həmçinin Qazaxıstanın internet məkanında Baş konsulluq tərəfindən yaradılmış www.xocalı.kz saytında BMT, ATƏT və digər beynəlxalq təşkilatlara, dünyanın aparıcı dövlətlərinin rəhbərlərinə, parlamentlərinə müraciət yerləşdirildiyini bildirərək, tədbir iştirakçılarını bu müraciətə qoşulmağa çağırıb.
Tədbirdə həmçinin, Atırau vilayətində yaşayan azərbaycanlıların “Novruz” milli mədəni cəmiyyətinin sədr müavini Abbas İmanov, Atırau Dövlət Kiçik İncəsənət Akademiyasının baş müəllimi, Qazaxıstanın tanınmış rəssamı Meyrbek Jaqıpaşev çıxış edərək, Xocalı faciəsi, həlak olmuş insanlar üçün üzüldüklərini bildirərək, “Biz ədalət tələb edirik! mövzusunda rəsm müsabiqəsinin keçirilməsi, gənc nəslin daha ədalətli ruhda böyüməsinə, terrora, müharibəyə qarşı, günahsız insanların ölümünə qarşı tərbiyələndirilməsinə dəstək verəcəyini bildiriblər.
Çıxışlardan sonra Atırau Dövlət Kiçik İncəsənət Akademiyasının böyük zalında akademiyada təhsil alan çənc aktyorlar tərəfindən müharibələr, terror aktları nəticəsində həlak olan uşaqların xatirəsinə həsr olunmuş “Xeyr və şər” tamaşası nümayiş etdirilib.
Tamaşadan sonra 10-22 fevral 2017-ci il tarixlərində Aktau şəhərindəki Baş konsulluğu tərəfindən “Xocalıya Ədalət” kompaniyası çərçivəsində Atirau şəhərində uşaq və yeniyetmə rəssamlar arasında “Biz ədalət tələb edirik!” mövzusunda keçirilmiş rəsm müsabiqəsinin qaliblərinin mükafatlandırılması olub.
Rəsm müsabiqəsində Atırau vilayətində fəaliyyət göstərən səkkiz rəsm və incəsənət məktəbindən 200-dən artıq şagird iştirak edib. Atırau Dövlət İncəsənət Akademiyasının müəllimləri Meyrbek Jaqıpaşev və Miras Canqujiyev, həmçinin Baş konsulluğun rəhbəri Elxan Zeynalovun daxil olduğu münsiflər heyəti tərəfindən rəsmlər qiymətləndirilib.
Müsabiqənin yekununa görə, 7-10, 11-14 və 15-17 yaşlılar arasında I, II və III yerlərə və müsabiqənin qran-pri mükafatına layiq görülənlər müəyyənləşdirilib. Bundan əlavə, Baş konsulluğun fəxri fərmanları ilə təltif olunacaq 25 nəfər yeniyetmə rəssam müəyyənləşdirilib.
Təltifetmə mərasimində qaliblərə Baş konsulluğun fəxri fərmanları və Azərbaycan haqqında kitablar təqdim olunub.
Sonda tədbir iştirakçıları tərəfindən Atırau Dövlət Kiçik İncəsənət Akademiyasının önündə Xocalı soyqırımı qurbanlarının xatirəsinə “Biz ədalət tələb edirik” şüarları səsləndirərək səmaya qara şarlar buraxılıb.