Bakı. Trend:
Böyük Britaniyanın Aberdin şəhərində “Aberdin Azərbaycan Cəmiyyəti”nin təşkilatçılığı ilə Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.
Trend-in məlumatına görə, mərasimdə “Aberdin Azərbaycan Cəmiyyəti”nin üzvləri, bu ölkədə yaşayan və təhsil alan azərbaycanlılar və ictimaiyyətin nümayəndələri iştirak ediblər. Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
“Aberdin Azərbaycan Cəmiyyəti”nin sədri, Aberdin Universitetinin tələbəsi Kənan Əliyev Xocalı faciəsinin Azərbaycan tarixində unudulmaz, dəhşətli və qanlı hadisələrdən biri olduğunu bildirib. O, erməni silahlı dəstələri tərəfindən xalqımıza qarşı törədilmiş, dünyada misli görünməmiş vəhşilik və qəddarlığın Xatın, Xirosima və digər faciələrlə bir sırada dayandığını vurğulayıb. K.Əliyev Ermənistan tərəfindən ölkəmizə və xalqımıza qarşı aparılan işğalçılıq və etnik təmizləmə siyasətindən və onun ağır nəticələrindən danışıb. Xocalı soyqırımı qurbanlarının xatirəsinin hər il Azərbaycanda və dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız və diaspor təşkilatları tərəfindən anıldığı bildirilib.
Cəmiyyətin sədri çıxışında daha sonra, Xocalı şəhərində törədilmiş vəhşilikləri insanlığa sığmayan dəhşətli soyqırım cinayəti kimi dəyərləndirərək, bu soyqırıma ilk dəfə ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra siyasi-hüquqi qiymət verilməsini xüsusi vurğulayaraq günahkarların cəzalandırılmasının vacibliyini bildirib. Sonda tədbir iştirakçılarına Xocalı soyqırımı ilə bağlı materiallar təqdim edilib.