...

“Baku Network” ekspert şurasında Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi müzakirə olunub (FOTO/VİDEO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 22 Fevral 2018 15:07 (UTC +04:00)
“Baku Network” ekspert meydanında Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına həsr olunmuş müzakirələr keçirilib.
“Baku Network” ekspert şurasında Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi müzakirə olunub (FOTO/VİDEO)

Bakı. Əli Mustafayev – Trend:

“Baku Network” ekspert meydanında Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına həsr olunmuş müzakirələr keçirilib.

Trend-in məlumatına görə, müzakirələrdə “Baku Network” Ekspert Şurasının rəhbəri, fəlsəfə elmləri doktoru Elxan Ələsgərov, siyasi ekspert Cavid Vəliyev, “Dədə Qorqud” fondunun prezidenti Eldar İsmayılov, “Strategiya.az” saytının baş redaktoru İbrahim Əliyev iştirak ediblər.

C.Vəliyev deyib ki, Dağlıq Qarabağ münaqişəsinin diplomatik həlli məsələsində 2016-cı ilin aprel hadisələri, başqa sözlə, Azərbaycan Ordusunun işğal edilmiş ərazilərin azad olunmasında hərbi uğurları vacib rol oynadı. Bu hadisələrdən sonra tərəflər münaqişənin həlli çərçivəsində həm beynəlxalq təşkilatlardan, həm də bir sıra ölkələrdən yeni təkliflər almağa başladı.

Ekspertin fikrincə, münaqişənin diplomatik həlli prosesinə Azərbaycanın regional və beynəlxalq layihələrdə rolu, eləcə də bir sıra vacib məsələlərdə irəli sürdüyü təşəbbüslər vacib rol oynayır: “Azərbaycan əvvəllər dənizə çıxışı olmayan bir ölkədən tranzit ölkəyə çevrilib. İrimiqyaslı beynəlxalq marşrutların tərkib hissəsi olan Azərbaycan Şərqlə Qərb, Şimalla Cənub arasında ticarət körpüsünə çevrilib. Azərbaycanın dünya arenasında müstəqil oyunçuya çevrilməsinə nümunələrdən biri böyük hissəsi Azərbaycan tərəfindən maliyyələşdirilmiş Bakı-Tbilisi-Qars layihəsinin reallaşdırılması oldu. Bu layihə əvvəlcə bir çox çətinliklərlə, o cümlədən erməni bədxahları tərəfindən çətinliklərlə qarşılaşsa da, yekunda reallaşdırıldı”.

O qeyd edib ki, Cənubi Qafqaz bir vaxtlar beynəlxalq ictimaiyyətin nəzərində etnik münaqişələrlə, qeyri-stabil sosial vəziyyətlə təsəvvür olunurdu: "Bu gün isə dünya ictimaiyyətinin diqqəti Cənubi Qafqazda reallaşdırılan və mərkəzində Azərbaycanın yerləşdiyi irimiqyaslı enerji, nəqliyyat layihələrinə yönəlib. Müstəqilliyin ilk illərində Azərbaycan ciddi xarici siyasi problemlərlə üzləşirdi, xüsusilə ABŞ-dakı erməni lobbisi Azərbaycanın həm ABŞ-da, həm də digər ölkələrdə mənfi obrazını formalaşdırmağa çalışırdı. Buna baxmayaraq Azərbaycan öz müsbət imicini formalaşdırdı və həqiqəti dünyaya çatdıra bildi”.

Elxan Ələsgərov öz növbəsində qeyd edib ki, hazırda Dağlıq Qarabağda bölgənin Azərbaycanın tərkibində olduğu dövrdən daha az erməni yaşayır: “Bu tendensiyalar davam edərsə, nəinki Qarabağda hansısa qondarma rejimin tanınıb-tanınması haqqında danışıqlar mənasını itirəcək, həm də “Qarabağ ermənilərinin öz müqəddəratını həll etməsi” mövzusu da gündəmdən düşəcək. Oraya Suriya ermənilərinin köçürülməsi ilə bağlı manipulyasiyalara yol verməmək üçün əhalinin siyahıya alınmasını keçirmək lazımdır. Bu, Azərbaycanın işğal olunmuş ərazilərində hazırkı demoqrafik vəziyyətlə tanış olmaq məqsədilə təkcə bizim üçün yox, həm də ATƏT Minsk qrupunun həmsədr ölkələri üçün lazımdır”.

Eldar İsmayılov bildirib ki, bölgələrə çoxsaylı səfərlər etdiyi üçün Azərbaycan cəmiyyətinin əhvali-ruhiyyəsi ilə yaxşı tanışdır: “Rəhbərliyin siyasi iradəsi regionda baş verən proseslərə, eləcə də mövcud problemlərin həllinə təsir edən əsas amildir”.

İbrahim Əliyev isə Azərbaycanın hazırda sadiq qaldığı sabitlik və sülh siyasətinin vacibliyini vurğulayıb: “Biz indi mürəkkəb bir zamanda yaşayırıq. Görürük ki, bütün dünyada müharibələr gedir, münaqişələr Azərbaycanı da əhatə edir. Bununla belə, Azərbaycan sabitlik və təhlükəsizlik siyasətinə sadiqdir ki, bu da özlüyündə böyük nailiyyətdir”.

O qeyd edib ki, Azərbaycan ötən əsrin 90-cı illərinin əvvəlindən bütün sahələrdə inkişaf edən, öz iqtisadiyyatını gücləndirən və sosial rifahı yaxşılaşdıran nadir MDB ölkələrindəndir: “Azərbaycan məhsullarının dünya bazarında sayı artır. Azərbaycanın mövqeyinin dünyaya çatdırılmasında əhəmiyyətli nəticələr əldə olunub. Azərbaycan hər zaman sülh və rifahın tərəfdarı olub”.

Ekspert onu da vurğulayıb ki, Ermənistanda siyasi formatın dəyişməsi prosesi mənasız hadisədir və heç nəyə gətirib çıxarmayacaq. O əlavə edib ki, Ermənistanın cinayətkar daxili və xarici siyasi fəaliyyəti – xüsusilə də Azərbaycana qarşı – beynəlxalq təşkilatlar və bir çox ölkələr tərəfindən tanınıb.

http://bakunetwork.com

Bizi izləyin: Facebook, TwitterYoutube

Məqalədə:
Xəbər lenti

Xəbər lenti