...

Azərbaycan ictimaiyyəti prezident İlham Əliyevin Qarabağ zonasına səfərini müsbət qiymətləndirir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 25 Mart 2006 13:48 (UTC +04:00)

Azərbaycan ictimaiyyəti prezident İlham Əliyevin Qarabağ zonasına səfərini təqdir edir. Bu barədə Trend ə "Rəy" monitorinq mərkəzinin direktoru Rizvan Abbasov martın 15-17-də Azərbaycanın 36 yaşayış məntəqəsindəki 1508 respondent arasında aparılan son sosial sorğunun yekunlarını şərh edərkən bildirib.

Onun sözlərinə görə, rəyi soruşulanların əksəriyyəti (71%) prezident İlham Əliyevin Qarabağ zonasına səfərini "çox yaxşı hadisə", 19,4% -i "əsasən yaxşı", 1%-i çox pis, 0,5% -i əsasən pis hadisə kimi qiymətləndirib. 8,1% cavab verməkdə çətinlik çəkib.

Bununla yanaşı, respondentlərin 84,4%-i İ.Əliyevin cəbhəyanı zonaya səfərinin Azərbaycan ordusunun təhlükəsizliyinə müsbət təsir göstərəcəyini, 1,1% -i mənfi təsir göstərəcəyini hesab edib. Respondentlərin 14,5%-i heç bir təsir göstərməyəcəyini zənn edir.

"Siz prezident İlham Əliyevin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın maraqları çərçivəçində həll olunacağı barədə sözlərinə necə yanaşırsınız?" sualına rəyi soruşulanlardan əksəriyyəti - 65,3% -i Azərbaycan prezidentinin ölkənin ərazi bütövlüyünün pozulmasına heç vaxt razı olmayacağını, 21,6% -i Qarabağ münaqişəsinin həllinin Azərbaycanın və Ermənistanın iradəsindən deyil, çox ehtimal ki, beynəlxalq güc mərkəzlərindən asılı olduğunu hesab edir. 9,9% cavab verməkdə çətinlik çəkib.

"Tərəflərin son radikal bəyanatları fonunda bu gün Dağlıq Qarabağda müharibə təhlükəsi mövcuddurmu?" sualına cavab verən respondentlərin 26,8%-i "bu fonda Dağlıq Qarabağda muharibə təhlükəsi tezliklə olacaq", 24,8% isə "təhlükənin qismən mövcud olduğunu" hesab edir. Rəyi soruşulanların 11,9% -nin fikrincə, "belə bir təhlükə çox güman ki, yoxdur". Respondentlərin 25% -i cavab seçimində çətinlik çəkib.

"Azərbaycan ordusu işğal olunmuş əraziləri hərbi yolla azad etmək iqtidarındadırmı?" sualına rəyi soruşulanların 71,2%-i Azərbaycan ordusunun işğal olunmuş əraziləri azad etmək iqtidarında olduğunu bildirib. Yalnız 2,7% bunun əksini deyib. 11% isə cavab verməkdə çətinlik çəkib.

Xəbər lenti

Xəbər lenti