...

Dağlıq Qarabağ problemi Cənubi Qafqaz PA-nın Londonda keçirilən 5-ci plenar iclasında müzakirə olunub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 29 İyul 2006 11:19 (UTC +04:00)

Dağlıq Qarabağ problemi Cənubi Qafqaz Parlament Assambleyası Təşəbbüs Qrupunun Londonda keçirilən 5-ci plenar iclasında müzakirə olunub. Trend xəbər verir ki, bu barədə jurnalistlərə iclasda iştirak edən Milli Məclisin sosial siyasət daimi komissiyasının sədri Hadı Rəcəbli bildirib.

Qeyd edək ki, adıçəkilən iclasda Azərbaycanı Cənubi Qafqaz PA-dakı nümayəndə heyətinin rəhbəri Səyavuş Novruzov, parlamentin sosial siyasət məsələləri daimi komissiyasının sədri Hadı Rəcəbli və aqrar siyasət məsələləri daimi komissiyasının sədri Eldar İbrahimov təmsil edib.

H.Rəcəbli bildirib ki, burada məqsəd Qarabağ probleminin çözüm yollarını axtarmaq olub: "Qeyd edim ki, iclasda Azərbaycanın mövqeyi daha tutarlı və arqumentli oldu. Digər nümayəndələr bizim səsləndirdiyimiz fikirlərlə razılaşdılar. Gürcüstan nümayəndə heyəti bütün məqamlarda bizi müdafiə etdi".

Millət vəkili onu da bildirib ki, onlar Azərbaycanda müharibə əhval ruhiyyəsinin yüksəldiyini, ictimaiyyətin torpaqlarımızın azad edilməsi uğrunda mübarizəyə qalxdığını və hərbi büdcəmizin böyüdüyünü diqqətə çatdırıblar: "Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin Şərqi Avropa ölkələri üzrə departamentin rəhbəri Saymon Smittin rəhbərliyi ilə keçən görüşdə qeyd edildi ki, Azərbaycan problemin sülh yolu ilə həll edilməsini istəyirsə, nə üçün silahlanmaya üstünlük verir. Biz arqument gətirdik ki, Azərbaycan büdcəsindən hərbi məsələlərə ayrılan vəsaitin faizi artmayıb. Sadəcə, büdcə gəlirləri çoxaldıqca müvafiq sahələrə də vəsait axını artır. Mən öz çıxışımda qeyd etdim ki, biz hərbi xərcləri artıranda bundan narahat olursunuz, amma Gürcüstandakı Rusiya qoşunları, hərbi texnika, silah və sursat bütövlükdə Ermənsitana göndərilir, bunu sükutla qarşılayırsınız. Rusiya Ermənsitana bir milyard dollarlıq silah verir, buna səsini çıxaran olmur. Bildirdim ki, Azərbaycan öz ərazi bütövlüyünü təmin etmək üçün mümkün ola
n bütün addımları atacaq".

H.Rəcəbli qeyd edib ki, tədbirdə Dağlıq Qarabağ problemilə bağlı Ermənistan parlamentinin də mövqeyi açıqlandı: "Erməni deputatlar bəyan edib ki, Azərbaycan ATƏT-in Minsk Qrupunun həmsədrlərinin təklifini qəbul etməyib. Biz isə qeyd etdik ki, ərazi bütövlüyümüzə xələl gətirən hər hansı təkliflə razılaşmayacağıq. Hər halda Azərbaycanın iqtisadi qüdrətinin artması erməni tərəfini qorxudur. Onlar iqtisadi münasibətlərin yaranmasında çox maraqlıdırlar. Bizsə bunun problem həll olunana qədər mümkün olmayacağını bildirdik. Eyni zamanda Azərbaycan ərazilərinin yandırılması məsələsini də qabartdıq. Gürcüstan tərəfi isə bu məsələdə də bizi tam dəstəklədi".

Onu da bildirək ki, təşkilatın növbəti toplantısının bu ilin dekabrında Dubayda keçirilməsi planlaşdırılıb. Həmin tədbirdə isə ekoloji, bank və nəqliyyat sahəsindəki əməkdaşlıq məsələləri müzakirə olunacaq.

Xəbər lenti

Xəbər lenti