...

QAT sədri Akif Nağı: "Ermənilər özləri-özlərini çaşdıraraq qondarma "referendumun" da saxta olduğunu nümayiş etdirdilər"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 11 Dekabr 2006 13:03 (UTC +04:00)

"Dağlıq Qarabağdakı erməni separatçıları hər cür vasitələrə əl ataraq özlərini dünyaya hansısa formada təqdim etməyə, özlərini yada salmağa çalışırlar. Ona görə də növbəti saxta oyunlardan biri kimi qondarma "referendum" keçirilməsinə əl atıblar". Bu fikirləri Trend ə açıqlamasında Qarabağ Azadlıq Təşkiatının (QAT) sədri Akif Nağı bildirib.

Akif Nağı qeyd edib ki, erməni separatçıları dünən - dekabrın 10-da təşkil etdiyi qondarma "referendum"la əslində özlərini dolaşdırıblar. QAT sədrinin sözlərinə görə, separatçılar "referendumda" guya 90 min seçicinin iştirak etdiyini deyiblər. Qondarma rejimin statistik məlumatlarına görə isə Dağlıq Qarabağda 137 min əhali yaşayır: "137 min əhalinin 90 mini səsvermə hüququna malik seçici ola bilməz. Bu, şişirdilmiş bir rəqəmdir və heç dünya təcrübəsində də belə statistikaya rast gəlinməyib. Ermənilər özləri-özlərini çaşdıraraq hər bir tədbirləri kimi, bu qondarma "referendumun" da saxta olduğunu nümayiş etdirdilər. Bundan başqa, Azərbaycan Respublikasının statistik məlumatlarına əsasən, Dağlıq Qarabağdan 70 min azərbaycanlı yerli əhali qovulub. Bu necə ümumxalq səsverməsidir ki, orada yeri əhalinin 70 mini iştirak etmir, onların səsləri nəzərə alınmır. Bütün faktlar göstərir ki, Dağlıq Qarabağdakı qondarma rejimin mövcudluğu, hərəkətləri, həyata keçirdiyi tədbirləri saxta və heç bir hüquqa söykənməyən oyunlardır"-deyə A.Nağı vurğulayıb.

QAT sədri əlavə edib ki, separatçı rejim belə tədbirlərdə süni canlanma görüntüsü yaratmağa çalışır. Belə ki, separtı rejim bir müddət bəyan edib ki, guya Dağlıq Qarabağdan çıxmış və başqa yerlərdə yaşayan ermənilər də onlara müraciət edərək seçkidə iştiraklarının təmin olunmasını istəyirlər. A.Nağı qeyd edib ki, Ermənistanla Azərbaycan arasında danışıqlar prosesinin davam etdiyi vaxtda ermənilərin heç nəyə məhəl qoymayaraq Dağlıq Qarabağda öz qondarma və separatçı əməllərini davam etdirdiyinə görə Azərbaycan hakimiyyəti artıq qəti bir addım atmalıdır: "Bu da ondan ibarətdir ki, Azərbaycan tərəfi Ermənistanla danışıqları dayandırmalıdır. Həmçinin bu işdə beynəlxalq təşkilatların, münaqişənin həlli üzrə vasitəçi dövlətlərin də üzərinə məsuliyyət düşür. Çünki bir yandan problemin həlli üçün vasitəçilik edir, digər yandan işğalçı ölkənin qanunsuz əməllərinə göz yumurlar"-deyə A.Nağı vurğulayıb.

Qeyd edək ki, Qarabağın erməni işğalçılarından azad olunması üçün ictimai mübarizəni təşkil etmək məqsədilə 28 yanvar 2000-ci ildə Bakıda Qarabağ Azadlıq Təşkilatı yaradılıb. Tarix elmləri namizədi, dosent Akif Nağının sədrlik etdiyi qurum öz sıralarında ölkənin tanınmış ziyalılarını, qaçqın və məcburi köçkünləri, gəncləri, keçmiş döyüşçüləri, ehtiyatda olan yüksək rütbəli zabitləri, həmçinin əhalinin digər sosial təbəqələrinin nümayəndələrini birləşdirir. Təşkilatın 10 min nəfərdən artıq rəsmi üzvü var.

Xəbər lenti

Xəbər lenti