Azərbaycan, Bakı /müx. Trend İ.Əlizadə/ Rusiyanın Azərbaycandakı səfiri Vasili İstratov Qarabağ nizamlanması ilə bağlı prosesin aktivləşəcəyini proqnozlaşdırır.
Jurnalistlərə açıqlama verən İstratov bildirib ki, Ermənistanda seçkilərin bitməsi ilə əlaqədər danışıqların aktivləşməsi mümkündür. Siyasətdə proqnoz verməyi çətin iş kimi dəyərləndirən diplomat qeyd edib ki, danışıqların nəticələri təkcə Rusiyanın istəyindən asılı deyil. Onun sözlərinə görə, bu, bir sıra amillərlə bağlıdır.
Ermənistandakı parlament seçkilərinədək (mayın 12-dək) belə bir rəy var idi ki, Ermənistan və Azərbaycan arasındakı danışıqları məhz seçkilər əngəlləyir.
"Seçkilər keçirildi, artıq nəticələr var. İndi baxarıq-görərik, seçkilər danışıqları əngəlləyirdi, ya yox" - deyə səfir vurğulayıb.
Qeyd edək ki, Ermənistanın 1988-ci ildə Azərbaycana qarşı ərazi iddiası ilə çıxış etməsindən sonra iki ölkə arasında münaqişə yaranıb. 1992-ci ildən Azərbaycan ərazilərinin 20 faizi, konkret olaraq Dağlıq Qarabağ və 7 ətraf rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır.
Bu vaxtadək ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan danışıqlar hələlik heç bir nəticə verməyib.