...

XİN rəhbəri: "Azərbaycan və Ermənistan prezidentlərinin görüşü həmsədrlərdən asılı olacaq"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 18 May 2007 14:22 (UTC +04:00)
XİN rəhbəri: "Azərbaycan və Ermənistan prezidentlərinin görüşü həmsədrlərdən asılı olacaq"

Azərbaycan, Bakı /müx. Trend S.Ağayeva/ Mayın sonu-iyunun əvvəlində regiona səfər edəcək ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü üçün zəmin hazırlamağa çalışacaqlar.

Cümə günü Bakıda jurnalistlərin suallarını cavablandıran Azərbaycan XİN başçısı Elmar Məmmədyarov bildirib ki, Azərbaycana birinci səfər mayın 25-nə planlaşdırılır. ATƏT-in fəaliyyətdə olan sədri, İspaniya xarici işlər naziri Miqel Anxel Moratinosun regiona səfəri iyunun 4-də gözlənilir. İyunun 5-6-da isə bölgəyə yenidən həmsədrlər təşrif buyuracaq.

"Həmsədrlərlə danışıqlardan sonra Azərbaycan və Ermənistan prezidentlərinin görüşünə ehtiyac olub-olmadığına aydınlıq gələcək. Zənnimcə, münaqişənin diplomatik yolla həlli imkanları hələ də var. Hələlik nəticələr barədə danışmaq tezdir. Ancaq danışıqlar davam etdiriləcək" - deyə XİN başçısı vurğulayıb.

Rəsmi Bakının iyulun 19-da qondarma Dağlıq Qarabağ respublikasında keçirilməsi planlaşdırılan prezident seçkiləri barədə mövqeyinə gəldikdə isə Məmmədyarov bəyan edib ki, tanınmamış respublikada keçirilən istənilən seçki qeyri-qanunidir və gülüş doğurur. Onun sözlərinə görə, bu seçkilər danışıqlar prosesinə heç cür kömək etməyəcək.

Qeyd edək ki, Ermənistanın 1988-ci ildə Azərbaycana qarşı ərazi iddiası ilə çıxış etməsindən sonra iki ölkə arasında münaqişə yaranıb. 1992-ci ildən Azərbaycan ərazilərinin 20 faizi, konkret olaraq Dağlıq Qarabağ və 7 ətraf rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ilin mayında tərəflər atəşkəs sazişi imzalayıblar. O vaxtdan bəri ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan danışıqlar hələlik heç bir nəticə verməyib.

Xəbər lenti

Xəbər lenti