...

Politoloq: "Ermənistan hərbi resurslarını, Azərbaycan isə diplomatik üstünlüyünü nümayiş etdirir"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 İyun 2007 15:50 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Diplomatik resurslar baxımından Azərbaycana uduzduğunu görən ermənilər hərbi resurslarını ciddi şəkildə ortalığa qoymaq niyyətindədir. Bu barədə Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlu çərşənbə günü açıqlama verib.

Onun fikrincə, Azərbaycan öz hərbi üstünlüyünü nümayiş etdirənə qədər bu proses davam edəcək. Politoloq hesab edir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Ermənistan və Azərbaycan prezidentlərinin danışıqları Ermənistan cəmiyyəti üçün sabitləşdirici rol oynayır. Ermənistanda daxili vəziyyətin gərgin olduğu, işğal edilmiş 7 rayonun bütövlükdə və ya hər hansı bir hissəsinin Azərbaycana qaytarılmasına etirazların artdığı dövrdə Ermənistan tərəfdən danışıqların dayandırılması Azərbaycanın xeyrinə olacaq: "Ermənistanda narazılıqların fonunda isterik vəziyyət yaranır və nəticədə Azərbaycan bundan səmərəli istifadə edir" - deyə politoloq qeyd edib.

Əhmədoğlu xatırladıb ki, Azərbaycan prezidenti İlham Əliyev Dağlıq Qarabağ danışıqlarının detallarını açıqlayıb, son danışıqlarda 7 rayonun dərhal boşaldılması məsələsinin müzakirə olunduğunu deyib. Prezidentin bildirdiyinə görə, Ermənistan rəhbərliyi bu məsələ ilə razılaşıb, regiona sülhməramlı qüvvələr yerləşdirilməsi isə Ermənistanın istəyidir. Yalnız Dağlıq Qarabağın statusu müəyyən olunduqdan sonra Laçından quru dəhliz kimi istifadə oluna bilər. Prezident bildirdi ki, Dağlıq Qarabağın statusu isə yalnız qaçqınlar öz torpaqlarına qayıtdıqdan sonra müəyyən edilə bilər. Hərbi, iqtisadi-siyasi məsələlərdə balans Azərbaycanın xeyrinədir: "Prezidentin bu kəskin bəyanatı Ermənistanda və Dağlıq Qarabağda ciddi təşviş yaratdı. Maraqlıdır ki, ATƏT-in Minsk qrupunun fransalı və rusiyalı həmsədrləri regiona səfəri zamanı verdiyi bəyanatlar prezident Əliyevin bəyanatının düzgünlüyünü təsdiqlədi. Həmsədrlər bir az da irəli gedərək bildirdilər ki, Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir. Demək olar ki, danışıqlar prosesi prezident Əliyevin əvvəldən bəyan etdiyi istiqamətdə gedir" - deyə politoloq qeyd edib.

Xəbər lenti

Xəbər lenti