...

YAP rəsmisi: "Ehtiyac yaranarsa, prezident İlham Əliyev müxalifət liderləri ilə görüşə bilər"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 İyun 2007 17:53 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Ehtiyac olarsa, prezident İlham Əliyev müxalifət liderləri ilə görüşə bilər və istisna deyil ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ətrafında yaranmış vəziyyəti müzakirə etmək üçün belə bir görüş keçirilsin. Bu barədə çərşənbə günü Bakıda hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, Milli Məclisin Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının üzvü, deputat Siyavuş Novruzov bildirib.

YAP rəsmisi vurğulayıb ki, hakimiyyət həmişə müxalifət partiyaları ilə dialoq tərəfdarı olub və bu prosesə hazırdır.

"ATƏT-in təşəbbüsü ilə iqtidar-müxalifət dialoqu keçirilən zaman bu prosesdə iştirak edən partiyaların görüşünə ev yiyəliyi etmək məsələsi YAP-a çatanda biz Dağlıq Qarabağ məsələsini gündəliyə daxil etmişdik. Lakin müxalifət rəhbərləri görüşə gəlmədilər və dialoqu pozdular".

ATƏT-in fəaliyyətdə olan sədri, İspaniyanın xarici işlər naziri Mikel Anxel Moranitos iyunun 5-də Bakıda müxalifət liderləri ilə görüşüb. ATƏT sədri bildirib ki, prezident İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin həlli ətrafında yaranmış vəziyyəti müzakirə etmək üçün müxalifət liderləri ilə görüşəcək.

Məsələnin parlamentdə müzakirəsinə gəlincə, millit vəkili bildirib ki, Dağlıq Qarabağ münaqişəsi bir neçə dəfə Milli Məclisdə müzakirə olunub. Sonuncu müzakirə parlamentin payız sessiyasının açılışında olub: "Hər gün bu məsələnin parlamentdə müzakirə olunması o qədər də ciddi yanaşma kimi qəbul olunmaz. Əgər hər hansı məqam yaranacaqsa, təbii ki, bu məsələ parlamentdə müzakirə olunmalıdır".

Novruzov qeyd edib ki, parlamentin iclaslarında ayrı-ayrı deputatlar Dağlıq Qarabağ məsələsini qaldırır, beynəlxalq təşkilatlarda problemlə bağlı çıxışlar edir, diqqəti bu məsələyə yönəldirlər.

Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib. Bu ərazilər 1992-ci ildən indiyədək erməni silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub.

Xəbər lenti

Xəbər lenti