Avropa Birliyi Ermənistan və Azərbaycan prezidentlərinin Sankt-Peterburq görüşündə razılığa gələ bilməməsindən narazılığını bildirib. "PanARMENIAN"ın məlumatına görə, bunu Yerevanda mətbuat konfransında Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi bəyan edib.
"Biz ümid edirik ki, yaxın aylar ərzində tərəflər qüvvələrini toplayacaq, Ermənistan və Azərbaycanda keçiriləcək prezident seçkilərinə qədər kompromisə gələ biləcəklər. Dağlıq Qarabağ münaqişəsi çox uzun müddətdir ki, davam edir. Hər iki ölkədə qonşularından xəbəri olmayan nəsil yetişməkdədir" - deyə Semnebi qeyd edib.
Onun fikrincə, mövcud vəziyyətin davam etməsi mürəkkəbləşmə, hətta hərbi əməliyyatların başlamasına səbəb ola bilər. Buna görə də, AB tərəflər arasında 15 ildir ki, itirilmiş inamın bərpa olunmasına yardım etməyə hazırdır. Bununla yanaşı, AB xüsusi nümayəndəsi hesab edir ki, vəziyyət çıxılmaz deyil, çünki danışıqlar prosesi dayandırılmayıb.
Avropa Birliyi nümayəndəsi Dağlıq Qarabağın danışıqlar prosesinə qoşlması ilə bağlı məsələyə toxunaraq hazırda buna ehtiyac olmadığını söyləyib. Onun sözlərinə görə, Ermənistan və Azərbaycan razılığa gələn zaman Dağlıq Qarabağ nümayəndələrinin iştirakı vacib olacaq. "Mən deyə bilmərəm ki, Dağlıq Qarabağ xalqının rəyi razılaşmada həlledici olacaq, amma nəzərə alınmalıdır ki, bu rəy mütləq olacaq" - deyə Semnebi qeyd edib.
Cənubi Qafqazın iki ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası ilə başlayıb. 1992-ci ildən etibarən Azərbaycanın 20% ərazisi, həmçinin Dağlıq Qarabağ və ona bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal altındadır. 1994-cü ilin mayında tərəflər atəşkəs haqqında razılığa gəlib və bu vaxta qədər ATƏT-in Minsk qrupunun himayəsi altında Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə sülh danışıqları aparılır.