Azərbaycan, Bakı /müx. Trend A.İsmayılova/ Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk qrupu (Rusiya, Fransa, ABŞ) həmsədrlərinin növbəti görüşü avqustun 2-də Moskvada keçiriləcək. Bu barədə çərşənbə günü ABŞ Dövlət Departamentindən məlumat veriblər. Danışıqların detalları açıqlanmır.
Həmsədrlərin sonuncu görüşü iyunun 13-də Vyanada keçirilib. Müzakirələrdən sonra qəbul olunan birgə bəyanatda iyulun 19-da Dağlıq Qarabağdakı "prezident seçkiləri" bölgədə gərginliyin artmasının səbəbi kimi dəyərləndirilib. Həmsədrlər tərəfləri yaxın aylarda danışıqlarda real irəliləyiş əldə etməyə çağırıblar.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ilə təsadüf edir. Səbəb Ermənistanın Azərbaycana qarşı ərazi iddiası ilə çıxış etməsi olub. 1992-cu ildən Azərbaycan torpaqlarının 20 faizi, konkret olaraq Dağlıq Qarabağ və 7 ətraf rayonu Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-ci ilin mayında tərəflər atəşkəs haqqında razılaşma əldə ediblər və bu vaxtadək ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə hələlik sülh danışıqları aparılır.