...

Xanlarda toy mərasimində zəhərlənmə faktı ilə bağlı araşdırmalara başlanılıb

Siyasət Materials 12 Sentyabr 2007 16:58 (UTC +04:00)

Azərbaycan, Gəncə / Trend , müxbir V.Məmmədov/ Xanlar rayonunun mərkəzində fəaliyyət göstərən "Göy-göl" restoranında keçirilən toy zamanı zəhərlənmə faktı ilə bağlı araşdırmalara başlanılıb. İşi aparan Xanlar rayon Polis İdarəsinin müstəntiqi Füzuli Zeynalov çərşənbə günü Trend ə bildirib ki, hazırda xəstələrdən izahat alınır. Zeynalov araşdırmalardan sonra faktla bağlı cinayət işinin açılıb-açılmayacağının müəyyənləşdiriləcəyini deyib.

Bazar günü toydan iki gün sonra çərşənbə axşamından xəstələrin Xanlar Mərkəzi Xəstəxanasına müraciəti daxil olub.

Müraciət edənlər Xanlar Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Yeni Zod kəndinin sakinləri olan xəstələrin vəziyyəti kafidir və hazırda xəstələr tam nəzarət altındadırlar.

Xəstəxananın baş həkimi Hamlet Ömərov bildirib ki, zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilən xəstələrdə yüksək hərarət, qarın boşluğunda kəskin ağrılar, ishal, qusma halları müşahidə olunur. O, xəstəxanaya müraciət edənlərin sayının artdığını bildirib. Ömərov xəstəxanaya çərşənbə axşamı 10 nəfərin, çərşənbə günü isə axşam saatlarınadək daha 11 nəfərin müraciət etdiyini söyləyib.

Zərərçəkənlərdən götürülmüş analizlər Gəncə şəhər Gigiyena və Epidemiologiya Mərkəzinə göndərilib. Mərkəzin baş həkimi bildirib ki, laboratoriya araşdırmalarının cavabları iki gündən sonra məlum olacaq.

Xanlar paytaxt Bakıdan 380 kilometr qərbdə yerləşir.

Xəbər lenti

Xəbər lenti