...

NATO Parlament Assambleyası nümayəndə heyətinin Azərbaycana səfər proqramı açıqlanıb

Siyasət Materials 19 Sentyabr 2007 11:55 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə / NATO Parlament Assambleyasının Demokratik İdarəetmə üzrə Alt Komitəsi nümayəndələrinin Azərbaycana səfər proqramı açıqlanıb. Bu barədə çərşənbə günü Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

NATO nümayəndələri sentyabrın 19-da Fəxri Xiyabanda Azərbaycanın eks-prezidenti Heydər Əliyevin məzarını ziyarət etdikdən sonra, Milli Məclis sədrinin birinci müavini, Azərbaycanın NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Ziyafət Əsgərov, parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komissiyasının, Azərbaycanın NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin və Milli Məclisin Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının üzvləri və ATƏT-in Bakı Ofisinin rəhbəri Xose Luis Ansola ilə görüşəcəklər.

NATO nümayəndələri sentyabrın 20-də Azərbaycanın müdafiə naziri Səfər Əbiyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov, xarici işlər naziri Elmar Məmmədyarovla müzakirələr aparacaqlar.

Nümayəndə heyətinin üzvləri sentyabrın 21-də Türkiyənin Bakıdakı səfirliyində NATO ölkələrinin Azərbaycandakı diplomatik nümayəndəliklərinin rəhbərləri, milli təhlükəsizlik nazirinin müavini Əli Şəfiyev, sənaye və energetika nazirinin müavini Gülməmməd Cavadov və sonda Milli Məclisin sədri Oqtay Əsədovla görüşəcəklər.

NATO nümayəndələri Azərbaycanda aparılan siyasi, iqtisadi, hərbi islahatların gedişi, Azərbaycanın NATO qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsi səviyyəsi ilə tanış olacaq, enerji təhlükəsizliyi məsələsini müzakirə edəcəklər. Səfərin yekununda hər hansı sənədin hazırlanması nəzərdə tutulmayıb.

Səfər sentyabrın 21-də başa çatacaq.

Xəbər lenti

Xəbər lenti