...

Təhsil naziri: "Dərs bölgüsünə görə dava edən müəllim məktəbdə işləməməlidir"

Siyasət Materials 24 Sentyabr 2007 14:18 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə /Azərbaycanın təhsil naziri Bakı şəhəri Xətai rayonu 221 saylı orta məktəbdə dərs bölgüsü zamanı iki müəllim arasında yaranan və hər iki müəllimin ağır bədən xəsarəti alaraq xəstəxanaya düşməsinə səbəb olan hadisəyə sərt reaksiya verib. Təhsil naziri Misir Mərdanov bazar ertəsi Bakıda jurnalistlərə açıqlamasında bildirib ki, dərs bölgüsünə görə dava edən müəllim məktəbdə işləməməlidir.

"Xətai rayonunun məktəblərindən birinin bədən tərbiyəsi müəllimləri arasında baş verən hadisə bizim hamımız üçün bir dərs olmalıdır. Hesab edirəm ki, iki müəllim dərs bölgüsünə görə dava salırsa, onlara müəllim demək olmaz və belə adamlar məktəbdə işləməmlidir. Dərs bölgüsü zamanı belə bir hadisənin baş verməsini pis hal və ləkə hesab edirəm. Bu ləkə təmizlənməlidir" - deyə nazir əlavə edib.

17 sentyabr 2007- ci il tarixində Xətai rayonundakı 221 saylı orta məktəbin bədən tərbiyəsi müəllimləri olan Müşviq Əliyev və Rövşən Məmmədov arasında dərs saatının bölünməsi üstündə yaranan mübahisə dava ilə nəticələnib. Nəticədə hər iki müəllim xəsarət alaraq xəstəxanaya düşüb. Orta məktəbdə və universitetdə bir yerdə təhsil alan və sonradan bir yerdə işləyən Əliyev və Məmmədovun işini Xətai rayon Polis İdarəsi araşdırır.

Orta məktəblərdə dərs bölgüsünə münasibət bildirən nazir qeyd edib ki, hər bir müəllimin həftəlik dərs yükü 12 saatdan az olmamalıdır.

Xəbər lenti

Xəbər lenti