...

Azərbaycan İslam Partiyası prezident seçkilərində müxalifətin namizədlərini dəstəkləməyəcək

Siyasət Materials 26 Sentyabr 2007 13:18 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycan İslam Partiyası (AİP) gələn il keçiriləcək prezident seçkilərində ya öz namizədi ilə iştirak edəcək, yaxud seçkini boykot qərarı verəcək. Bu barədə çərşənbə günü İslam Partiyasının sədri Mövsüm Səmədov açıqlama verib.

Partiyanın prezident seçkiləri ilə bağlı qərarı Baş Məclisin yaxın aylarda keçiriləcək iclasında çıxarılacaq. Partiya sədrinin sözlərinə görə, "islamçılar" müxalifət düşərgəsindən olan heç bir namizədə dəstək vermək fikrində deyillər: "Bəzi müxalifət partiyaları yalnız üzdə müxalifətçilik edirlər, digərləri də radikal, qeyri-konstruktiv mövqe tuturlar. Ona görə də İslam Partiyasının başqa namizədləri dəstəkləməsi gözlənilmir" - deyə partiya sədri bildirib.

İslam Partiyasının mətbuat xidmətinin rəhbəri Akif Heydərli isə bildirib ki, "islamçılar" arasında partiyanın sədri Səmədovun prezidentliyə namizəd olmasını arzulayanlar var: "Əgər demokratik seçki mühiti yaranacaqsa, İslam Partiyası öz liderinin namizədliyini verəcək, amma hazırda partiya buna hazır deyil" - deyə Heydərli bildirib.

Dini təmayüllü, müxalifətyönlü İslam Partiyası 1991-ci ilin avqustunda təsis olunub, 1992-ci ildə Ədliyyə Nazirliyində qeydiyyata alınıb. 1995-ci ildə partiyanın qeydiyyatı ləğv olunub.

Xəbər lenti

Xəbər lenti