...

Azərbaycan parlamentinin sədr müavini: "Dağlıq Qarabağ probleminin milli, etnik və dini ayrı-seçkiliklə heç bir əlaqəsi yoxdur"

Siyasət Materials 3 Oktyabr 2007 11:28 (UTC +04:00)
Azərbaycan parlamentinin sədr müavini:  "Dağlıq Qarabağ probleminin milli, etnik və dini ayrı-seçkiliklə heç bir əlaqəsi yoxdur"

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Dağlıq Qarabağ probleminin milli, etnik və dini ayrı-seçkiliklə heç bir əlaqəsi yoxdur, çərşənbə günü Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının mədəniyyət, təhsil və elm komitəsinin Bakıda keçirilən iclasında Azərbaycan parlamentnin sədr müavini Valeh Ələsgərov bildirib. Onun sözlərinə görə, Azərbaycanda heç vaxt milli, etnik, dini zəmində ayrı-seçkilik olmayıb.

"Azərbaycanda həmişə müxtəlif millətlərə, dinlərə və etnik xalqlara dözümlülüklə yanaşıblar. Bu dözümlülük indi də davam edir"- Ələsgərov deyib.

Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib. Bu ərazilər 1992-ci ildən indiyədək erməni silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub və indiyədək də tərəflər arasında sülh danışıqları davam etdirilir.

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi üçün üç ölkə - ABŞ, Rusiya və Fransa təmsilçilərinin həmsədrliyi ilə, ATƏT-in Minsk qrupu vasitəçilik edir.

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi üçün 1992-ci ildə ATƏT çərçivəsində, 10-a yaxın ölkənin iştirakı ilə, Minsk qrupu yaradılıb, 1997-ci ildən Minsk qrupunda üç ölkə - ABŞ, Rusiya və Fransa təmsilçilərindən ibarət həmsədrlər fəaliyyət göstərir.

Ələsgərov bildirib ki, Dağlıq Qarabağ problemi ayrı-ayrı siyasi qrupların ya hakimiyyətə gəlmək və ya hakimiyyəti əldən verməmək üçün yaratdıqları münaqişədir. Onun sözlərinə görə, hazırda həmin siyasi qüvvələr öz hakimiyyətlərini qorumaq üçün münaqişənin həllinə imkan vermirlər.

İclasda Ermənistanı təmsil edən deputat Stepan Safaryan da iştirak edir. Toplantıda təşkilaita üzv olan 12 ölkədən yeddisinin nümayəndəsi qatılıb.

Xəbər lenti

Xəbər lenti