...

Azərbaycan Kommunist Partiyası ASDP-ni sosialist partiyası hesab etmir

Siyasət Materials 9 Oktyabr 2007 11:51 (UTC +04:00)
Azərbaycan Kommunist Partiyası ASDP-ni sosialist partiyası hesab etmir

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycan Kommunist Partiyası (AKP) Azərbaycan Sosial Demokrat Partiyasını (ASDP) sosialist partiyası hesab etmir. Bu barədə çərşənbə axşamı Trend ə AKP-nin sədr əvəzi Rüstəm Şahsuvarov açıqlama verib.

ASDP-nin həmsədri Araz Əlizadə ötən gün Trend ə bildirib ki, onun partiyası Azərbaycanda ilk və yeganə sosialist təşkilatıdır. O əlavə edib ki, SSRİ dağıldıqdan sonra insanlar sosialistləri "kommunistlər"lə eyniləşdirdikləri üçün solçulara münasibət müsbət olmayıb. Buna görə də Azərbaycanda çoxlu sayda sosialist təşkilatlar yaranmayıb.

AKP funksioneri Şahsuvarov isə deyir ki, ASDP özü sosializm ideologiyasından çoxdan uzaqlaşıb və liberal partiyanın bir formasına çevrilib: "Araz Əlizadənin yalnız ASDP-nin sosialist təşkilat olması barədə iddiası həqiqətə uyğun deyil. Biz ASDP-ni sosialist partiya hesab etmirik. Çünki sosializm onun yalnız adında qalıb, özü isə liberal platformalı təşkilatdır" - deyə Şahsuvarov bildirib.

Onun sözlərinə görə, ASDP-nin proqramlarında da sol təmayüllü müddəalar yoxdur. Şahsuvarov hesab edir ki, ASDP sosial ədalət, sadə insanların sosial rifahı uğrunda mübarizə aparmır, əksinə, liberal iqtisadiyyatı dəstəkləyir.

Şahsuvarovun sözlərinə görə, Kommunist Partiyası isə solçuluq ideologiyasını saxlamağa çalışır.

Azərbaycanda Kommunist ideologiyasına əsaslanan partiya hələ "böyük oktyabr sosialist inqilabı" adlanın çevrilişdən əvvəl, 1903-cü ildə yaradılıb. SSRİ dağıldıqdan sonra müstəqillik dövründə Azərbaycan Kommunist Partiyası 1993-cü ildə bərpa olunub. Solçu partiya olan AKP özünü iqtidara qarşı konstruktiv müxalifət hesab edir.

ASDP də sol təmayüllü müxalifət partiyasıdır. Partiyanın həmsədrləri Araz Əlizadə və Azərbaycanın eks-prezidenti, hazırda mühacirətdə yaşayan Ayaz Mütəllibovdur. ASDP beynəlxalq Sosialist İnternasionalının üzvüdür.

Xəbər lenti

Xəbər lenti