...

İran prezidenti: "Xəzərin statusu məsələsi narahatlıq üçün səbəb olmamalıdır"

Siyasət Materials 11 Oktyabr 2007 13:45 (UTC +04:00)
İran prezidenti: "Xəzərin statusu məsələsi narahatlıq üçün səbəb olmamalıdır"

Xəzərin statusu məsələsi narahatlıq üçün səbəb olmamalıdır. Bu barədə İran İslam Respublikasının prezidenti Mahmud Əhmədinejad gələn həftənin əvvəlində Xəzəryanı dövlətlərin başçılarının RF prezidenti Vladimir Putinin iştirakı ilə Tehranda baş tutacaq sammiti ərəfəsində İTAR-TASS-ın müxbirinə verdiyi eksklüziv müsahibəsində bildirib.

"Biz Xəzərin statusu ilə bağlı məsələnin Xəzər ölkələrinin narahatçılığı üçün səbəb olmasına imkan verməməliyik" - deyə Əhmədinejad Rusiya jurnalistlərinə verdiyi ilk müsahibəsində bildirib. "Xəzər dənizi hövzəsinin dostluq və sülh zonasına çevrilməsi dənizin sektorlara bölünməsindən daha vacibdir. Xəzər dənizi sahilində yerləşən dövlətlər ümumi tarixə, mədəniyyətə və maraqlara malikdirlər". "Biz hələ yüz illər boyunca sülh və qardaşlıq münasibətləri şəraitində yaşayacağıq. Xəzər dənizi bizim hamımıza məxsusdur" - deyə İran prezidenti qeyd edib. "Dostluq və qardaşlıq münasibətlərinin möhkəmlənməsi məqsədilə dənizin ədalətli şəkildə bölünməsi vacibdir" - deyə Əhmədinejad əlavə edib.

"Dənizin bölünməsi üçün formula və kriteriyalar mövcudur" - deyə o bildirib. "Biz hesab edirik ki, sahilyanı dövlətlərin azad iradəsi və marağı sayəsində bizə qarşılıqlı anlaşmaya nail olmaq mümkün olacaq" - deyə prezident qeyd edib və ümid etdiyini bildirib ki, "Xəzəryanı dövlətlərin yaxın zamanlarda baş tutacaq görüşü zamanı biz daha böyük qarşılıqlı anlaşmaya nail olacağıq". "Regionda dostluq və sülhü möhkəmləndirməyə imkan verəcək ədalətli bölünmə bizim üçün əsasdır" - deyə Əhmədinejad bildirib.

İran prezidentinin müsahibəsi tam olaraq oktyabrın 20-də "Rossiya" telekanalında "Hakimiyyətin formulu" proqramında Moskva vaxtı ilə saat 11:20-də nümayiş etdiriləcək.

Xəbər lenti

Xəbər lenti