Azərbaycan, Bakı/ Trend , müxbir S.İlhamqızı/ Dörd müxalifət partiyasının seçki komissiyalarının tərkibində yalnız özlərinin təmsil olunmasını tələb etmələri onların "ikili standartlar" əsasında fəaliyyətini göstərir. Bu fikirləri cümə axşamı Trend ə açıqlamasında müstəqil politoloq Zərdüşt Əlizadə bildirib.
Azərbaycan müxalifətinin aparıcı qüvvələri sayılan AXCP, ADP, ALP və Müsavat partiyaları Seçki Məcəlləsinə dəyişikliklərlə bağlı vahid mövqedən çıxış etmələri barədə ötən gün bəyanat yayıblar. Onlar seçki komissiyalarında yerlərin tam yarısının iqtidar nümayəndələri, qalan yarısının ADP, Müsavat, ALP və AXCP-nin nümayəndələrindən ibarət olmasını təklif edirlər. "Dördlər" bəyanatlarında bildiriblər ki, Avropa Şurası Venesiya Komissiyası ilə İFES-in birgə təşkilatçılığı və siyasi partiyaların iştirakı ilə noyabrın 7-8-də Bakıda Seçki Məclləsinin təkmilləşdirilməsi məqsədilə keçiriləcək "dəyirmi masa"da müxalifətdən yalnız bu dörd partiya iştirak etməlidir.
Əlizadə bildirib ki, bu təkliflər "dördlərin həqiqi simasını açıb göstərir. "Onlar həmişə iddia ediblər ki, 2003-cü il prezident, 2005-ci il parlament seçkiləri saxtakarlıqla keçib, indi isə, tələb edirlər ki, həmin seçkilərin nəticələrinə əsasən, seçki komissiyalarında məhz özləri təmsil olunmalıdır. Bu, onların ikili yanaşmasıdır, halbuki, özləri həmişə şikayətlənirlər ki, Azərbaycan iqtidarı, Qərb dairələri, Rusiya, Amerika, Ermənistan ikili standartlar yürüdür"-deyə Əlizadə bildirib.
Onun fikrincə, müxalifət partiyalarının seçki komissiyalarının paritet şəkildə formalaşdırılması təklifi, iqtidarın seçkidə mövqelərini heç də zəiflətmir. Çünki, Əlizadə hesab edir ki, müxalifət partiyalarının bütün seçki komissiyalarına nümayəndə verəcək qədər sayda üzvləri yoxdur: "Seçki komissiyalarında ümumilidə 31 min nəfər təmsil olunmalıdır, komissiyalar paritet şəkildə formalaşsa, müxalifətin ora təqdim etməyə 15 min 500 nəfər adamı olmayacaq. Müxalifətin bölgələrdə adamları yoxdur, onlar kimi aldatmağa çalışırlar?"-deyə Əlizadə qeyd edib.
Əlizadə əlavə edib ki, müxalifət partiyalarının MSK-da, ən etibarlı hesab etdikləri nümayəndələri təmsil olunub və sonda rüşvət alaraq, prinsipial mövqeyindən geri çəkiliblər. Əlizadənin fikrincə, müxalifətin MSK-dakı yüksək səviyyəli nümayəndələri pul qarşısında aciz qalıblarsa, o zaman çox kasıb,ehttiyas içində yaşayan bölgələrdəki nümayəndələri seçki komissiyalarında daha az məbləğin müqabilində geri çəkiləcəklər.
Politoloq hesab edir ki, seçkiləri hökumət özü keçirməli, siyasi partiyalarsa, vətəndaş cəmiyyəti nümayəndələri ilə birgə, məntəqələrdə səsverməyə nəzarət etməlidir.