...

AŞ Venesiya Komissiyası nümayəndəsi 4 müxalifət partiyasının etirazlarına cavab verib

Siyasət Materials 7 Noyabr 2007 17:26 (UTC +04:00)
AŞ Venesiya Komissiyası nümayəndəsi 4 müxalifət partiyasının etirazlarına cavab verib

Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı/ Azərbaycanın Seçki Məcəlləsinə dəyişikliklərlə bağlı, çərşənbə günü Bakıda keçirilən konfransın təşkilatçılarından biri, Avropa Şurasının Venesiya Komissiyasının nümayəndəsi Sergey Kuznetsov 4 müxalifət partiyasının bu müzakirələrə qatılmamasına münasibətini bildirib. O, bu barədə Trend ə esklüziv açıqlamasında bildirib ki, Venesiya Komissiyası və İFES əməkdaşlığını bundan sonra da davam etdirəcək və Seçki Məcəlləsinin müzakirələri geniş tərkibdə müzakirə olunacaq.

AXCP, ADP, ALP və "Müsavat" partiyaları Seçki Məcəlləsinə dəyişikliklərin müzakirə olunduğu "dəyirmi masa"nın təşkilatçılarından birinin İFES olmasına və tədbirin çoxlu sayda partiyaların iştirakı ilə keçirilməsinə etiraz olaraq, tədbirdə iştirak etmirlər. 4 partiya hesab edir ki, İFES Azərbaycanda keçirilmiş seçkilərə münasibətinə görə demokratik qüvvələr qarşısında etimadını itirib. Həmçinin, "dördlər" təklif edirdilər ki, Seçki Məcəlləsi ilə bağlı müzakirələr müxalifət adından yalnız bu 4 partiya ilə aparılmalı idi, çünki onlar son parlament seçkilərində bir faizlik baryeri aşmış partiyalardır.

Sergey Kuznetsov bildirib ki, "dəyirmi masa" seçki məsələlərini müzakirə etmək üçün yaxşı vasitədir. Onun sözlərinə görə, Venesiya Komissiyası əvvəldən də bəyan etmişdi ki, bu tədbir seçki qanunvericiliyinə dair müzakirələr aparmaq və problemlərin həllini birlikdə tapmaq üçün imkan yaradacaq: " Biz bu tədbirə hamını dəvət etmişik, əgər həmin partiyalar iştirak etmirlərsə, deməli, belə qərara gəliblər. Kim necə istəyirsə, elə də hərəkət edir. Biz ümid edirik ki, bu toplantılarda daha geniş spektri əhatə edən siyasi qüvvələr öz fikirlərini, təkliflərini söyləyəcəklər. Çünki bu, siyasi qüvvələrin xeyrinədir"-deyə Kuznetsov bildirib.

O, "dördlər"in dəyirmi masanın çoxlu sayda partiyaların iştirakı ilə keçirilməsi ilə bağlı etirazına belə cavab verib: "Seçki məsələləri bütün cəmiyyəti maraqlandıran məsələlərdir. Biz burada məhz "dəyirmi masa" formatında müzakirələr təşkil etdiyimizə görə, düşünürük ki, nə qədər çox sayda iştirakçılar olsa, o qədər yaxşıdır. Çünki biz müxtəlif təbəqələrdən, siyasi proseslərdə marağı olan müxtəlfi siyasi partiyalardan müraciətlər, təkliflər alırıq. Ona görə də geniş tərkibli müzaikrələrin keçirilməsini lazım bildik"-deyə Kuznetsov bildirib.

4 partiyanın İFES-ə etiraz etməsinə gəldikdə, Kuznetsov deyib ki, İFES Venesiya Komissiyasının yaxın tərəfdaşıdır. Onun sözlərinə görə, Komissiya seçkilərlə bağlı artıq uzun zamandır ki, İFES-lə birgə işləyir və ona güvənir: "Ona görə də, bizim İFES-lə bağlı hər hansı iradlarmız yoxdur. Biz bu formatda əməkdaşlığı və Azərbaycandakı görüşün birgə təşkilatçılığını davam etdirəcəyik"-deyə Venesiya Komissiyası nümayəndəsi deyib.

Xəbər lenti

Xəbər lenti