...

DAK növbəti dəfə parçalanmağa doğru gedir

Siyasət Materials 20 Noyabr 2007 18:33 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Dünya Azərbaycanlıları Konqresinin (DAK) keçmiş sədri Cavad Derəxtinin tərəfdarlarının fevralda təşkilatın fövqəladə qurultayını keçirməsi ilə DAK-ın növbəti dəfə parçalanması gözlənilir.

Trend in məlumatına görə, Bakıda səfərdə olan DAK-ın keçmiş sədri, təşkilatın İdarə Heyətinin üzvü Derəxti çərşənbə axşamı keçirdiyi mətbuat konfransında indiki sədr Qulamrza Təbrizini Nizamnaməni pozmaqda ittiham edib. Derəxtinin sözlərinə görə, DAK-ın iyulun 7-də keçirilmiş qurultayının sənədləri təşkilatın qeydiyyatda olduğu İsveçin vergi orqanına təqdim olunmayıb. Derəxti iddia edir ki, İsveç qanunlarına görə, 3 ay müddətində sənədlər vergi orqanına verilməli idi: "Lakin 3 ay ərzində sənədlər təqdim olunmadığı üçün noyabrın 6-da vergi orqanından mənim ünvanıma rəsmi məktub gəlib, bildirilib ki, növbəti 3 ay ərzində təşkilatın qurultayı keçirilərək sənədlər onlara təqdim olunmalıdır. Biz DAK-ın yaşaması üçün fevralda qurultay keçirəcəyik və DAK-a Azərbaycan, Rusiya və Avropadan olan şəxslərdən həmsədrlər seçilməsini təklif edəcəyik" - deyə Derəxti bildirib.

O, həmin qurultayda özünün sədrliyə namizəd olmayacağını deyib.

Qarşı tərəf - DAK-ın sədri Təbrizi isə çərşənbə axşamı Trend ə bildirib ki, qurultayın sənədləri ay yarım əvvəl İsveçin vergi idarəsinə təqdim olunub və oradan rəsmi cavab məktubu da alıb.

DAK sədrinin fikrincə, iyul qurultayında Derəxti sədr seçilə bilmədiyinə görə, həmçinin Demokratik DAK ilə birləşmə istiqamətində işlər başladığı üçün növbəti dəfə təşkilatı parçalamağa çalışır. Təbrizi əlavə edib ki, Derəxti Nizamnaməyə zidd olaraq təşkilat daxilində bölücülük, dağıdıcılıq və qarşıdurma yaratdığı üçün noyabrın 20-dən etibarən DAK-ın İdarə Heyətində fəaliyyəti dayandırılır.

Derəxtinin tərəfdarı olan Xəzər Emin Trend ə bildirib ki, fevralda keçirəcəkləri qurultayda 70 nəfərin iştirakı qurultayı legitim edəcək, onlar 300-ə qədər adamın iştirakını planlaşdırırlar.

Təbrizi isə bildirib ki, DAK İdarə Heyətinin 17 üzvündən yalnız 5 nəfəri Derəxtini dəstəkləyir və 5 nəfərin keçirdiyi qurultay legitim ola bilməz.

DAK 1997-ci ildə ABŞ-da yaradılıb. Təşkilat dünyada yaşayan azərbaycanlıların hüquqları uğrunda mübarizə aparan ictimai təşkilatdır. Qurum 2001-ci ildə iki yerə bölünmüşdü və təşkilatdan ayrılan qrup özünü Demokratik DAK adlandırmışdı.

Xəbər lenti

Xəbər lenti