...

Müsavatın MNTK-sı partiyanın beynəlxalq ittifaqa üzv olması məsələsini araşdırır

Siyasət Materials 22 Noyabr 2007 14:55 (UTC +04:00)
Müsavatın MNTK-sı partiyanın beynəlxalq ittifaqa üzv olması məsələsini araşdırır

Azərbaycan, Bakı/ Trend müxbir İ.Əlizadə/ Müsavat Partiyasının Mərkəzi-Nəzarət Təftiş Komissiyası (MNTK) partiyanın Avropa Liberal-Demokrat İslahatçı Partiyalar İttifaqına (ALDİPİ) üzv olmasının Nizamnamə, Məramnamə və Proqrama uyğun olub-olmaması məsələsini araşdırır. Bu barədə cümə axşamı Trend ə Müsavat Partiyası MNTK-nın sədri İbrahim İbrahimli məlumat verib.

Müsavatın ALDİPİ-yə üzv olması ilə bağlı qərar 2006-cı il dekabrın 23-də partiya Məclisində qəbul edilib. Oktyabrın 18-də Müsavat Partiyası ALDİPİ-nin Berlində keçirilən qurultayında bu quruma üzv qəbul olunub. Partiyanı Milli Məclisdə təmsil edən deputat Nəsib Nəsibli, "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu qərarın yanlış olduğunu bildiriblər. Nəsibli ALDİPİ-nin mahiyyəti ilə Müsavatçılığın mahiyyəti, hazırkı proqramı, Müsavatın tarixi irsi və məramnaməsinin bir araya sığmadığına görə partiya Məclisindən istefa verdiyini açıqlayıb.

Arifoğlu Müsavat Partiyasının ALDİPİ-ya üzv olmasının Nizamnamə, Məramnamə və Proqrama uyğun olub-olmaması məsələsinin araşdırılması üçün ərizə ilə MNTK-ya müraciət edib.

Müsavatın MNTK-nın 11 nəfər üzvü var. MNTK partiya rəhbərliyinin və üzvlərin Nizamnamə, Məramnamə və Proqrama əməl etməsinə nəzərət edir. İbrahimlinin sözlərinə görə, ALDİPİ-yə üzv olma məsələsinin araşdırılması ilə bağlı ərizə onlara üç gün əvvəl daxil olub. Nizamnaməyə görə, komissiya bir ay müddətində məsələni araşdırıb qərar qəbul etməlidir.

"Hazırda komissiya üzvləri ayrı-ayrılıqda məsələni araşdırırlar. Gələn həftənin çərşənbə axşamı MNTK-nın iclası keçiriləcək və məsələ müzakirə olunacaq. Oktyabrın ortalarına qədər məsələ ilə bağlı MNTK-nın qərarı açıqlanacaq" - deyə İbrahimli əlavə edib.

MNTK sədri Müsavat Partiyasının Avropa Liberal-Demokrat İslahatçı Partiyalar İttifaqına üzv olmasının Nizamnaməyə uyğun olub-olmamasına dair məsələni şərh etməkdən imtina edib: "Mənim bu məsələ ilə bağlı fikirlərim var. Amma bunu indidən açıqlamağım MNTK-ya təzyiq kimi qiymətləndirilə bilər".

Arifoğlu isə bildirib ki, MNTK-ya göndərdiyi ərizəsində Nizamnamə pozuntularını maddələr üzrə göstərib.

"MNTK-nın qərarından sonra atacağım növbəti addımların nədən ibarət olacağını açıqlayacam" - deyə Arifoğlu əlavə edib.

Müxalifəti təmsil edən Müsavat Partiyası 1992-ci ildə yaradılıb. Partiyanın başqanı İsa Qəmbər Azərbaycan parlamentinin eks-spikeri (1992-93-cü illərdə) və 2003-cü ildə keçirilmiş prezident seçkisində prezidentliyə namizəd olub. Partiya beş nəfər deputatla parlamentdə təmsil olunur.

Xəbər lenti

Xəbər lenti