...

"İran bir müttəfiq kimi Rusiyaya çox da güvənməməlidir" - İran agentliyinin rəhbəri

Siyasət Materials 14 Dekabr 2007 09:47 (UTC +04:00)
"İran bir müttəfiq kimi Rusiyaya çox da güvənməməlidir" - İran agentliyinin rəhbəri

Azərbaycan, Bakı / "Trend müxbir D.Xatınoğlu/ Rusiya indiyədək İrana müttəfiq olduğunu iddia etməsinə baxmayaraq, ölkə əleyhinə BMT Təhlükəsizlik Şurasının 2 Qətnaməsini dəstəkləyib və 3-cü Qətnaməyə də dəstək verəcəyi gözlənilməz deyil. "İran bir müttəfiq kimi Rusiyaya çox da güvənməməlidir" - İranın "Əsr-İran" agentliyinin rəhbəri, politoloq Cəfər Mühəmmədi bildirib.

İran XİN-in rəhbəri Mənüçehr Müttəki dekabrın 13-də Rusiyaya səfər edib. İranın İRNA agentliyinin məlumatına əsasən, bu səfər iki ölkə arasında iqtisadi, mədəni və siyasi əməkdaşlığın genişləndirilməsi üçün edilib. Səfərdə Müttəki öz həmkarı Sergey Lavrovla görüşəcəyini bildirib.

Mühəmmədi cümə axşamı telefonla Trend ə bildirib ki, İranın Rusiyaya güvənməsi yanlış siyasətdir. "Rəsmi Tehran bunu da nəzərə almalıdır ki, Rusiya hər zaman İranı alət edib, Qərbə təzyiq kimi sui-istifadə edib və nəhayət, hər iki tərəfdən imtiyaz alandan sonra rəsmi Tehranı satıb" İran politoloqu bildirib.

Dekabrın 3-də ABŞ-ın 16 informasiya mərkəzi İranın nüvə planına dair yeni məruzəsində bildirib ki, rəsmi Tehran 2003-cü ildə nüvə silahının yaradılması planını beynəlxalq təzyiqlər üzündən 4 il müddətində dayandırıb. Rusiya və Çin bu məruzəyə əsaslanaraq BMT Təhlükəsizlik Şurasının İran əleyhinə 3-cü Qətnaməni tətbiq etməsinin əleyhinə olduqlarını bildiriblər. "ABŞ nəhayət ki, biz gəldiyimiz qənaəti etiraf edib. Biz bundan əvvəl dəfələrlə demişik ki, İranın nüvə planı sülhməramlıdır" Lavrov bildirib.

Mühəmmədinin fikrincə, Lavrov İranın sülhməramlı nüvə planını etiraf etsə də, rəsmi Moskva indiyədək ölkə əleyhinə 2 Qətnamənin tətbiqinə səs verib. "Bunların hamısı Rusiyanın diplomatik oyunlarıdır və onların İran əleyhinə 3-cü Qətnaməyə dəstək verəcəyi də gözlənilməz deyil" Mühəmmədi bildirib. O, belə hesab edir ki, BMT Təhlükəsizlik Şurasının İran əleyhinə yeni Qətnamə tətbiq etməsi ehtimalı azalıb, layin tamamilə kənara qoyulmayıb. "ABŞ kəşfiyyat orqanlarının yeni məruzəsi üsüt-üstə İranın mənafeyinə uyğundur. Bu məruzənin yayılmasının 2 səbəbi ola bilər. Birinci səbəb odur ki, ABŞ demokratları və müharibə əleyhinə olan qüvvələr Amerikanın İrana hücumunun qarşısını alsınlar, digər səbəb - həmin kəşfiyyat orqanları 2003-cü ilə qədər İraqla bağlı verdikləri yanlış məlumatların bir növ əvəzini ödəyib, özlərinə bəraət qazandırmaq istəyirlər. Hər ehtimala qarşı, İran bu məruzəyə obyektiv yanaşmalıdır və bu fürsətdən istifadə etməlidir" Mühəmmədi bildirib.

ABŞ prezidenti verdiyi yeni bəyanatında İranı nüvə silahı istehsal etmək planların ört-basdır etməkdə günahlandıraraq, rəsmi Tehrandan 2003-cü ilədək nüvə planı ilə bağlı gizli fəaliyyətinin səbəbini izah etməyi tələb edib. Rəsmi Tehran isə nüvə planının başlanğıcdan sülhməramlı olduğunu vurğulayaraq, ABŞ-ı neytral mövqe tutmağa və öz səhvini etiraf etməyə dəvət edib.

Xəbər lenti

Xəbər lenti