...

Azərbaycanda daha bir partiya müxalifətin yeni qurumunda təmsil olunmaqdan imtina edib

Siyasət Materials 14 Dekabr 2007 12:25 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) əməkdaşlıq sazişi bağladığı 16 siyasi partiya ilə bir qurumda təmsil olunmaqdan imtina edir. Bu barədə cümə günü Trend ə AMİP sədri Ayaz Rüstəmov açıqlama verib.

"AMİP-in bir blokda, ittifaqda təmsil olunmamaq barədə Siyasi Şurasının qərarı var" Rüstəmov bildirib.

Müxalifətin böyük bir hissəsi - 16 siyasi partiya arasında çərşənbə günü əməkdaşlığa dair saziş bağlanıb. Həmin sənəddə bildirilir ki, gələn il prezident seçkisi öncəsi demokratik mühitin yaradılması, mətbuat və siyasi azadlıqların təmin olunması, Seçki Məcəlləsinin dəyişdirilməsi məqsədi ilə bu partiyalar fəaliyyətlərini əlaqələndirəcək, seçkiqabağı bir-birilərinin əleyhinə təbliğat aparmayacaqlar. Saziş Açıq Cəmiyyət, KXCP, Milli İstiqlal, Tərəqqi, Bütöv Azərbaycan Xalq Cəbhəsi, Böyük Azərbaycan, Böyük Quruluş, Ümid, Vətəndaş Həmrəyliyi, Bizim Azərbaycan bloku (XQP, AFP, TMP, AAP), "Azərbaycan yolu siyasi hərəkatı", Azadlıq, Milli Demokrat partiyalarının sədrləri tərəfindən imzalanıb. Həmçinin qərara alınıb ki, dekabrın 26-da bu partiyaların iştirakı ilə "Müxalifətin seçki islahatları mərkəzi" adlı yeni qurumu yaradılsın.

AMİP rəhbəri bildirib ki, bu əməkdaşlıq formatı siyasi quruma çevriləcəksə, partiyası ora qoşulmayacaq: "Seçkiöncəsi yaranan qurumların ömrü çox uzun olmur. Hər partiyanın öz maraqları, özünün seçkidə namizədi var. Ona görə də belə tez dağılan qurumlarda iştirak etməyin mənası yoxdur" partiya rəhbəri bildirib.

Ümid Partiyasının sədri İqbal Ağazadə də ötən gün Trend ə bildirib ki, o, əməkdaşılq naminə sazişə imza atıb, yeni yaradılacaq qurumda isə iştirak etməyəcək.

AMİP 1992-ci ildə yaradılan və Azərbaycanda ilk dövlət qeydiyyatına alınan partiyadır. Müxalifəti təmsil edən AMİP-in qurucusu və 2004-cü ilin sonunadək sədri olan Etibar Məmmədov hazırda Beynəlxalq Demokrat İttifaqının (BDİ) sədr müavinidir. Sabiq deputat (1990-2000-ci illər) Məmmədov 2003-cü ildə prezidentliyə namizəd olub.

2005-ci ilin sonundan partiyaya Ayaz Rüstəmov sədrlik edir.

Xəbər lenti

Xəbər lenti