...

Parlamentdə təmsil olunan partiya sədri rəqib müxalifətin ittihamlarını təkzib edir

Siyasət Materials 14 Dekabr 2007 19:05 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı/ Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev parlamentdə təmsil olunduğuna görə onu "cib müxalifəti" adlandıran digər müxalifətçiləri partiyalar arasında qarşıdurma yaratmaqda günahlandırır.

"Bu partiyalar özlərini müxalifət partiyalarının birliyindən kənarda qoyurlar, çünki xaricdən aldıqları yardımları hesabına, Azərbaycanda müxalifət daxilində zidiyyətlər yaratmağa çalışırlar"-deyə Həsənquliyev cümə günü Trend ə açıqlamasında bildirib.

Müxalifətçi "Azadlıq" blokunda təmsil olunan Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Həsən Kərimov cümə günü mətbuata açıqlamasında bildirib ki, parlamentdə müxalifət adından təmsil olunan partiyalar iqtidarın himayəsi altında olan, "cib müxalifətidir". Ona görə də AXCP belə partiyalarla əməkdaşlıq edə bilməz.

AXCP, ADP, ALP kimi iri müxalifət partiyalarının təmsil olunduğu "Azadlıq" bloku 2005-ci ildə Azərbaycanda keçirilmiş son parlament seçkisinin saxtalaşdırıldığını iddia etdi və seçkinin nəticələrini tanımadı. Blokdakı partiyalar hesab edirlər ki, "hakimiyət özünün istədiyi partiyaların parlamentdə təmsil olunmasına imkan yaradıb".

Müxalifətçi BAXCP-nin sədri Qüdrət Həsənquliyev isə, 2005-i il seçkisində parlamentin deputatı seçilib.

Həsənquliyev bildirib ki, AXCP və onun kimi düşünən digər partiyaların parlamentdəki müxalifət partiyalarını iqtidara yaxın olmaqda ittiham etməsi anormal yanaşmadır: "Çünki onlar daim iqtidarı ittiham edirlər ki, müxalifətlə dialoqdan, əməkdaşlıqdan qaçır. Amma özləri bütün müxalifət partiyaları ilə, hətta bir masa arxasında oturub, müzakirələr aparmaqdan belə imtina edirlər. Deməli, belə bu partiyaların mövqeyi heç də iqtidardan fərqlənmir"-deyə Həsənquliyev bildirib.

Parlamentdə təmsil olunan müxalifətçi Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu da Trend ə açıqlamasında bildirib ki, "Azadlıq" bloku parlamentdəki partiyaları günahlandırmaqla özünü "ana müxalifət" kimi təqdim etməyə çalışır. Qəzənfəroğlu da özünün "cib müxalifəti" olması barədə ittihamı qəbul etmir və "Azadlıq" blokunu qərəzli və qeyri-konstruktiv mövqe göstərməkdə günahlandırır.

Bitərəf deputat Əli Məsimov isə, Trend ə açıqlamasında bildirib ki, 2005-ci ildə keçirilmiş parlament seçkiləri ölkənin bir qisim bölgəsində ədalətli, digər qismində isə, ədalətsiz olub, ona görə də, bütün deputatları "iqtidara işləməkdə" günahlandırmaq düzgün deyil,

Həsənquliyevin rəhbərliyi ilə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) bir qrup üzvü 2002-ci ildə partiyadan ayrılaraq, özlərinin "birləşdirici" qurultayını keçiriblər və 2004-cü ilə qədər AXCP-nin "birləşdirici" qanadı kimi tanınıblar. 2004-cü ildə qurumun adında dəyişiklik edilib və Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının təsis qurultayı keçirilib. 2005-ci ildə dövlət qeydiyyatına alınan BAXCP özünü iqtidara qarşı konstruktiv müxalifətçi hesab edir.

"Azadlıq" blokunda üç müxalifət partiyası - Azərbaycan Xalq Cəbhəsi (AXCP), Liberal (ALP), Vətəndaş və İnkişaf (VİP) partiyaları birləşib və parlamentdə nümayəndələri yoxdur.

Azərbaycan parlamentdə özünü müxalifət hesab edən altı partiya təmsil olunur və onlar sayına görə, "azlıqda qalan" partiyalar hesab edilir. Çoxluq hakim Yeni Azərbaycan Partiyasına məxsusdur.

Xəbər lenti

Xəbər lenti