...

MTN narkobizneslə məşğul olan daha bir cinayətkar qrupu zərərsizləşdirib

Siyasət Materials 17 Dekabr 2007 18:05 (UTC +04:00)
MTN narkobizneslə məşğul olan daha bir cinayətkar qrupu zərərsizləşdirib

Azərbaycan, Bakı/ Trend müxbir K.Zərbalıyeva/ Milli Təhlükəsizlik Nazirliyi tərəfindən qaçaqmalçılıq yolu ilə İran-Azərbaycan marşrutu ilə narkotika daşıyan xarici vətəndaşlardan ibarət transmilli mütəşəkkil dəstə zərərsizləşdirilib.

MTN-in İctimai Əlaqələr Mərkəzinin bazar ertəsi yaydığı məlumatda qeyd olunub ki, dəstə üzvlərindən 142 kiloqrama yaxın narkotik vasitə olan yüksək keyfiyyətli heroin götürülüb.

Həmin narkotikanın Azərbaycan ərazisindən Avropaya aparılması planlaşdırılıbmış.

Türkiyə vətəndaşları Hasib Yılmaz Pəkgürlər, Akgün Hüseyn Osman, Kılıcparlar Mehmet Hacı, Aydar Cevdət Əli, habelə hazırda şəxsiyyəti istintaqla müəyyənləşdirilən Əhməd adlı İran vətəndaşı və digərləri 2007-ci il dekabrın 5-də külli miqdarda narkotik vasitəni gömrük sərhədindən gömrük nəzarətindən gizli yolla İran ərazisindən Azərbaycana gətiriblər.

Müəyyən olunub ki, əvvəlcədən əldə olunmuş razılığa əsasən, Türkiyənin beynəlxalq yük daşınması ilə məşğul olan "Ünlü Kahramanlar" şirkətinə məxsus "SCANİA" markalı yük avtomobilini idarə edən Mehmet Kılıcparlar İran ərazisində avtomobili Əhməd adlı şəxsə verib. Əhməd əvvəlcədən avtomobilin yanacaq çənində hazırlanmış yerə 141 kq 860 qram heroini yerləşdirdikdən sonra Mehmet Kılıcparlara qaytarıb.

Dekabrın 5-də Mehmet Kılıcparlar idarə etdiyi "SCANİA" markalı yük avtomobilində həmin narkotik vasitəni gizli şəkildə "Astara" gömrük məntəqəsindən keçirib İrandan Azərbaycan ərazisinə daşıyaraq Bakı şəhərinə gətirib.

Mehmet Kılıcparlar gətirdiyi rəsmi yükü boşaltdıqdan sonra içərisində külli miqdarda narkotik vasitə gizlədilmiş avtomobili Abşeron rayonunun Sulutəpə qəsəbəsi ərazisindəki "TİR park"da saxlayıb. Dekabrın 10-da saat təxminən 23:00 radələrində Hasib Yılmaz Pəkgürlər, Cevdət Aydar və Hüseyn Akgün Mehmet Kılıcparlar ilə görüşərək, sonuncunun idarə etdiyi yük avtomobilinin gizli saxlanc yerində gizlədilmiş heroini ondan qəbul ediblər. Onlar narkotik vasitəni 6 ədəd idman çantasına yığaraq Hüseyn Akgünün idarə etdiyi "Mersedes-Benz" markalı avtomobilə qoyub, Akgünün kirayədə qaldığı mənzilə tərəf hərəkət edərkən MTN əməkdaşları tərəfindən yaxalanıblar.

Faktla bağlı MTN-in İstintaq Baş İdarəsi tərəfindən Cinayət Məcəlləsinin mütəşəkkil dəstə tərəfindən narkotik vasitələrin qaçaqmalçılığı (206.4-cü), mütəşəkkil dəstə tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma, göndərmə və satma (234.4.1 və 234.4.3-cü) maddələri ilə cinayət işi başlanıb.

Hasib Yılmaz Pəkgürlər, Cevdət Aydar, Hüseyn Akgün və Mehmet Kılıcparlar təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunaraq barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Xəbər lenti

Xəbər lenti