...

Xəzərin statusunun müəyyən edilməsi üzrə Tehran görüşü başqa vaxta keçirilib

Siyasət Materials 25 Dekabr 2007 13:41 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.Ağayeva / Dekabrın 25-26-da Tehranda keçirilməsi planlaşdırılan Xəzərin statusunun müəyyən edilməsi üzrə Xəzəryanı ölkələrin işçi qruplarının görüşü başqa vaxta keçirilib.

Azərbaycan XİN-dən bazar ertəsi bildiriblər ki, ölkələrdən biri görüşə hazır olmayıb, bu səbəbdən görüşün başqa vaxta keçirilməsi lazım gəlib. Lakin nazirlikdən həmin ölkənin adı çəkilməyib.

Görüşün Xəzəryanı ölkələrin nazir müavinləri səviyyəsində keçirilməsi planlaşdırılmışdı. Azərbaycanı bu danışıqlarda xarici işlər nazirinin müavini Xələf Xələfov təmsil edir.

Xəzər dənizinin dibinin sahilyanı dövlətlər arısında bölünməsi məsələsində Azərbaycan, Rusiya və Qazaxıstan bir-birinə qarşı heç bir iddia irli sürmür. Bu üç dövlət arasında müvafiq məsələ ilə bağlı ikitərəfli, eləcə də üçtərəfli razılıqlar imzalanıb. Tərəflər həmçinin orta bölünmə xəttinin koordinatı ilə bağlı vahid bir fikrə gəliblər. Lakin Türkmənistan və İran orta bölünmə xəttinin koordinatının təyin edilməsi ilə bağlı hələ öz mövqelərini açıqlamırlar. Bu hal uzun illər davam edən müzakirələrə baxmayaraq Xəzərin statusunun müəyyənləşdirilməsinə mane olur.

Oktyabrın 16-da Tehranda keçirilən Xəzəryanı dövlət baaşçılarının sammitində tərəflər dənizin dibinin bölünməsi üzrə ciddi irəliləyiş əldə etməyiblər.

Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan liderlərinin iştirak etdiyi sammitin əsas yekunu niyyət bəyannaməsi olub. Bəyannamədə sənəddə göstərilən məqsədlərin dəqiq reallaşdırılma qrafikinin nəzərdə tutulmasına baxmayaraq, tərəflərin hər biri üçün təkliflər əks olunub.

Bəyannamə heç bir kənar dövlətin Xəzər dənizinin təbii sərvətlərindən istifadəyə dair məsələnin həllində rol oynaya bilməməsi prinsipini özündə əks etdirib. Bəyannaməyə görə, dənizin hüquqi bölünmə rejimi konsensus yolu ilə əldə olunmalıdır.

Xəbər lenti

Xəbər lenti