...

Təhsil müəssisələrində hicabın qadağan olunması Parlamentdə fikir ayrılığına səbəb olub

Siyasət Materials 26 Dekabr 2007 17:31 (UTC +04:00)
Təhsil müəssisələrində hicabın qadağan olunması Parlamentdə fikir ayrılığına səbəb olub

Azərbaycan, Bakı/ Trend , müxbir İ.Əlizadə/ Azərbaycanın "Təhsil haqqında" yeni qanun layihəsində ölkənin bütün təhsil müəssisələrində dini geyimlərə qadağa qoyulması deputatlar arasında fikir ayrılığı yaradıb. "Təhsil müəssisələrində dini geyimlərə, xüsusən də hicaba qadağa qoyulması gələcəkdə ciddi problemlər yaradacaq" - deyə Milli Məclisin Elm və təhsil komissiyasının çərşənbə günü keçirilən iclasında "Təhsil haqqında" yeni qanun layihəsinin müzakirəsi zamanı Bakı Dövlət Universitetinin rektoru, millət vəkili Abel Məhərrəmov bildirib.

Azərbaycanın hazırda qüvvədə olan təhsil qanunu 1992-ci ildə qəbul olunub. 1995-ci ildən Parlament təhsil haqqında yeni qanun layihəsi hazırlamağa balşayıb, lakin 12 il ərzində yeni qanun qəbul edilməyib.

"Təhsil haqqında" yeni qanun layihəsinin 11.1.8-ci maddəsində qeyd olunub ki, Azərbaycanın bütün təhsil müəssisələrində müəllim, şagird, tələbə və digər işçilərin baş örtüyündə (hicab, çadra və s) və digər dini geyimlərdə dərsdə iştirak etməsi qadağandır.

Məhərrəmov bildirib ki, dini geyimlərlə bağlı məsələdə qanun layihəsində ciddi ziddiyyətlər var: "Qanun layihəsinin 5.2-ci maddəsində yazılıb ki, dövlət cinsindən, irqindən, dərisinin rəngindən, dilindən, dinindən, siyasi əqidəsindən, milliyyətindən asılı olmayaraq, hər bir vətəndaşa təhsil almaq imkanı yaradılmasına və ayrıseçkiliyə yol verilməməsinə təminat verir. 11.1.8-ci maddədə yazılıb ki, dini geyimlərdən istifadə edənlər isə təhsil müəssisələrinə buraxılmayacaqlar".

Milli Məclisin Elm və təhsil məsələləri daimi komissiyasının sədr müavini, millət vəkili Bəxtiyar Əliyev bildirib ki, qanun layihəsində dini təhsil müəssisələri istisna olmaqla, təhsil müəssisələrində dini geyimlərə qadağa qoyulacaq: "Təhsil müəssisələrində bərabərliyi qorumaq və ayrıseçkiliyə yol verməmək üçün dini atributllar və geyimlərdən istifadə olunması məqbul deyil".

Millət vəkili hesab edir ki, Azərbaycanın təhsil müəssisələrində dini geyimlə bağlı problem yoxdur. Ona görə də bu məsələnin qanun layihəsinə daxil edilməsi heç bir problem yaratmayacaq. Çünki cəmiyyətdəki reallıqlar nəzərə alınıb: "Təhsil müəssisələrində dini geyimlərin qadağan edilməsinin din və vicdan azadlığına adiyyatı yoxdur və Konstitusiyaya tam uyğundur".

Deputat Astan Şahverdiyev isə hesab edir ki, qanun layihəsinin təhsil müəssisələrində dini geyimlərə qadağa qoyulması ilə bağlı maddəsini daha da sərtləşdirmək lazımdır: "Qanun layihəsi çox düzgün olaraq təhsil müəssisələrində dini geyimlərdən istifadə olunmasını qadağan edir. Bununla bağlı maddəni daha da sərtləşdirmək və yazmaq lazımdır ki, dini atributlar və geyimlər qəti qadağandır".

Dini təşkilatlar və dindarların hüquqlarını müdafiə edən təşkilatlar isə hesab edirlər ki, təhsil müəssisələrində dini geyimlərin qadağan olunması insan hüquqlarına ziddir.

Xəbər lenti

Xəbər lenti