Azərbaycan, Bakı, 11 yanvar/ Trend , müxbir İ.Əlizadə/ Türkdilli ölkələrin Parlament Assambleyasında dünyanın müxtəlif ölkələrinin tərkibində muxtariyyata malik olan türk xalqlarının nümayəndələrinin də təmsil olunması nəzərdə tutulub. "İlkin mərhələdə türkdilli ölkələrin Parlament Assambleyasında müstəqil türk dövlətlərini təmsil edən nümayəndələr təmsil olunmalıdır. İkinci mərhələdə isə müxtəlif ölkələrin, əsasən də Rusiya və Çinin tərkibində müxtariyyata malik olan türk xalqlarının nümayəndələrinin Parlament Assambleyasında təmsil olunması nəzərdə tutulub" - deyə Trend ə açıqlamasında Azərbaycan Parlamentinin Türkiyə ilə əlaqələr üzrə işçi qrupun rəhbəri, Milli Məclisin Mədəniyyət məsələləri daimi komissiyasının sədri Nizami Cəfərov bildirib.
Dünyada altı müstəqil türk dövləti var. Bunlar Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Türkmənistandır. Eyni zamanda, dünyanın müxtəlif ölkələrinin tərkibində 20-yə yaxın türk muxtar respublikaları var. Türk xalqlarının 2007-ci ildə Bakıda keçirilən XI qurultayında türkdilli ölkələrin Parlament Assambleyasının yaradılması müzakirə olunub.
Cəfərov qeyd edib ki, sonuncu mərhələdə dünyanın müxtəlif ölkələrində yaşayan türk xalqlarının Parlament Assambleyasında təmsil olunması nəzərdə tutulub: "Bura İranda yaşayan cənubi azərbaycanlılar, Əfqanıstan, İraq, Gürcüstan, Ukrayna və Rusiyada yaşayan türklər daxildir. Türk xalqlarının siyasi və sosial birliyi yaranmalıdır ki, qloballaşan dünyaya parçalanmış şəkildə daxil olmayaq".
Komissiya sədrinin sözlərinə görə, Parlament Assambleyasının hansı formada yaradılması və onun iş prinsipləri ilə bağlı müzakirələr davam edir: "Türkdilli ölkələrin Parlament Assambleyasının Avropa Şurası Parlament Assambleyası formasında, yoxsa məşvərət qurumu kimi yaradılması ilə bağlı təkliflər var".
Cəfərov bildirib ki, beynəlxalq təcrübəni öyrənmədən türkdilli ölkələrin Parlament Assambleyasını yaratmaq gələcəkdə problemlər yarada bilər. Komissiya sədri hesab edir ki, Parlament Assambleyasının yaradılması üçün türkdilli ölkələrin parlamentləri arasında əlaqələrin genişləndirilməsi vacibdir: "Parlament Assambleyasının yaradılması ilə bağlı komissiya formalaşdırılmalıdır. Komissiya dövlət başçıları səviyyəsində yaradılmalıdır. Məsələyə dövlət başçılarının qarşıdakı zirvə toplantılarında baxıla bilər. Prezidentlərin iradəsindən kənar bu məsələni həyata keçirmək mümkün deyil. Prezidentlər səviyyəsində bu məsələyə razılıq verilməlidir. Türk respublikalarının rəhbərləri bu məsələyə müsbət yanaşırlar. Artıq bu məsələni həyata keçirməyin vaxtı çatıb".