...

Daha bir müxalifət partiyası prezident seçkisində iştiraka qərar verir

Siyasət Materials 14 Yanvar 2008 12:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 yanvar / Trend , müxbir S.İlhamqızı/ Müxalifətçi Azərbaycan Demokrat Partiyası (ADP) builki prezident seçkisində iştirak etmək barədə yanvarın sonu, fevralın əvvəlində qərar verəcək. Bu barədə bazar ertəsi Trend ə ADP sədri Sərdar Cəlaloğlu məlumat verib.

Bu ilin oktyabrında Azərbaycanda növbəti prezident seçkisi keçiriləcək.

Cəlaloğlunun sözlərinə görə, ADP-nin İdarə Heyəti partiyanın seçkidə öz namizədi ilə iştirak etməsində qərarlıdır. ADP Məclisinin yanvarın sonu, fevralın əvvəlində keçiriləcək iclasında seçkidə iştiraka dair qərar çıxarılacaq.

"ADP-də hesab edirlər ki, müxalifət düşərgəsindəki heç bir partiya hər hansı xüsusiyyətlərinə görə bizim partiyadan üstün deyil. Həm də hesab edirik ki, yeni siyasi kurs qəbul etmiş ADP özünün yeni platoformasını sübut etməlidir. Buna görə də partiya üzvləri seçkidə yalnız öz namizədi ilə iştirak etməyin və müxalifətin qalan hissəsinin ADP-nin namizədi ətrafında birləşməsinin tərəfdarıdırlar" - deyə ADP sədri bildirib.

Cəlaloğlunun sözlərinə görə, partiya Məclisi ADP-nin prezident sekisində iştirak taktikasına, seçki platformasına dair layihə hazırlayacaq.

Sağ təmayüllü partiya olan ADP 1991-ci ildə Cəlaloğlu tərəfindən təsis edilib. Partiya ötən ilin yanvarınadək iqtidara qarşı radikal müxalif mövqedə olub. Sonradan ADP-nin hakimiyyətlə dialoq qurulması ilə bağlı yeni siyasi kursu qəbul edilib.

ADP-dən başqa müxalifət düşərgəsindən Müsavat, Ümid, Böyük Quruluş partiyaları prezident seçkisində öz namizədi ilə iştirak etmək barədə qərarını elan edib.

Xəbər lenti

Xəbər lenti