Fransa, Strasburq, 23 yanvar/ Trend , müxbirlər A.Məhərrəmli, İ.Əlizadə/ AŞPA-nın albaniyalı üzvü Kastriot İslami Kosovoya müstəqilliyin verilməsini ən real həll variantı hesab edir.
Yanvarın 22-də Avropa Şurası Parlament Assambleyasının qış sessiyasında qurumun Kosovo problemi üzrə məruzəçisi, Böyük Britaniyadan olan deputat lord Rassel Constonun hazırladığı Kosovonun gələcək statusuna dair 11472 saylı məruzə müzakirə olunaraq qəbul edilib.
Constonun tərəfindən hazırlanan məruzənin maraqlı və əhəmiyyətli olduğunu bildirən İslami Albaniya nümayəndə heyətinin onu müsbət qiymətləndirdiyini qeyd edib. Onun sözlərinə görə, Rusiya və Serbiyadan olan deputatların təklif etdiyi bəzi dəyişikliklərə baxmayaraq, məruzənin və onu müşayiət edən qətnamənin mahiyyəti dəyişməz olaraq qalıb. Məruzəni tam olaraq nəzərdən keçirdikdə, danışıqların davam etdirilməsi ilə bağlı dəyişikliyin qəbul edilməsinin onun mahiyyətinə heç bir təsiri olmayıb. Qətnamədə BMT-nin Təhlükəsizlik Şurası tərəfindən konsensus əsasında həll yolunun qəbul etdirilməsinin göstərildiyini qeyd edən albaniyalı deputat əks halda, Kosovo tərəfinin birtərəfli qaydada Avropa İttifaqının missiyasının nəzarəti altında olacaq müstəqilliyi bəyan edəcəyini vurğulayıb. "Bu, məruzənin mahiyyətini təşkil edən hissədir. Rassel Constonun məruzəsində göstərilirdi ki, tərəflər kompromisə gələ bilmədiyi üçün Kosovo ilə bağlı danışıqlar prosesinin imkanı artıq tükənib. Onları davam etdirməyə artıq yer qalmayıb. Lakin Rusiya və Serbiyadan olan deputatların təklif etdiyi dəyişiklə məruzənin bu hissəsi çıxarıldı. Məruzənin dəyişən hissəsi budur" - deyə İslami əlavə edib.
Onun fikrincə, Kosovo problemi mahiyyətinə görə unikal bir məsələdir və digər dondurulmuş münaqişələrlə əlaqəsi yoxdur: "Ona görə də Kosovo münaqişəsinin həlli variantı digər dondurulmuş münaqişələr üçün presedent ola bilməz"
İslami hesab edir ki, ABŞ-ın və Avropa İttifaqının Kosovonun müstəqilliyini tanıması Balkanlarda stabilliyi və sülhü daha da gücləndirəcək: "Serb millətçi qrupları fikirləşirlər ki, bu, digər münaqişələr üçün presedent və domino effekti yaradar. Onun habelə Bosniya-Hersoqovina və Makedoniyada mənfi təsirindən danışırlar, amma bunlar beynəlxalq aləm tərəfindən tanınmış həll yoludur. Avropa İttifaqının əksər ölkələri Kosovonun müstəqilliyini tanıyacağı təqdirdə fikirləşirəm ki, Avropa Şurası Qərbin böyük güclərinin mövqeyini dəstəkləyəcək".
Buna baxmayaraq, məruzənin mahiyyəti ABŞ-ın və Aİ-nın əsas olkələrinin mövqeyinə uyğun gəlir. O qeyd edib ki, Conston məruzəsində ABŞ və Aİ-nın əksər ölkələrinin Kosovonun müstəqilliyinin birtərəfli şəkildə bəyan etməsini dəstəklədiyini ifadə edib.
O, bütün səylərin Kosovoya müstəqilliyin verilməsi və onun ABŞ-ın, Avropanın qüdrətli ölkələri - Almaniya, İtalita, Böyük Britaniya tərəfindən tanınması istiqamətində gedəcəyinə ümid etdiyini bildirib.
Albaniyalı deputat qeyd edib ki, Rusiyanın Kosovonun gələcək statusuna dair mövqeyi mürəkkəbdir. Onun fikrincə, Rusiya xüsusi olaraq Kosovo ilə maraqlanmır və hətta, rəsmi Moskva Kosovonun müstəqilliyinə qarşı deyil.