...

Məhkəmə qərarlarından verilmiş protestlərin yarıdan çoxu təmin olunub

Siyasət Materials 9 Fevral 2008 11:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 fevral / " , müxbir K.Zərbalıyeva/ Ötən il birinci instansiya məhkəmələrinin hökm və qərarlarından verilmiş apellyasiya protestlərinin yarıdan çoxu təmin olunub.

Trend in məlumatına görə, bu barədə cümə günü Baş Prokurorluqda ötən ilin yekunlarına həsr olunmuş kollegiya iclasında baş prokuror Zakir Qaralov məlumat verib.

Baş prokuror bildirib ki, 2007-ci ildə 233 apellyasiya protestinin 166-sı, yəni 71,2 faizi təmin olunub.

Ümumilikdə isə həm birinci, həm də apellyasiya instansiyası məhkəmələrinin hökm və qərarlarından verilmiş apellyasiya və kassasiya protestlərinin 65,9 faizi təmin edilib.

Qaralov bildirib ki, 192 halda məhkəmə baxışı zamanı yol verilmiş qanun pozuntuları dövlət ittihamçılarının təşəbbüsü ilə aradan qaldırılıb.

Baş prokuror bu sahədə əldə olunan uğurları Dövlət İttihamının Müdafiəsi üzrə İdarənin və idarənin tərkibində yeni yaradılmış şöbələrin kadr tərkibinin təcrübəli prokurorluq əməkdaşları hesabına yenidən formalaşdırılması ilə əlaqələndirib.

O qeyd edib ki, bu qurumlarda fəaliyyətləri dövründə özlərini doğrultmayan 9 əməkdaş işdən kənarlaşdırılıb.

Baş Prokurorluq üzrə ötən il iyulun 16-da baş prokurorun əmri ilə Dövlət İttihamının Müdafiəsi üzrə İdarənin tərkibində Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi və apellyasiya və kassasiya instansiyaları məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbələri yaradılıb.

Mövcud iş yükü nəzərə alınmaqla, Azərbaycan Respublikası Hərbi, Naxçıvan Muxtar Respublikası və Bakı şəhər prokurorluqlarının dövlət ittihamının müdafiəsi üzrə qurumlarının tərkibində yeni ştatlar təsis edilib.

Xəbər lenti

Xəbər lenti