...

Azərbaycan prezidenti Ilham Əliyevə Moskva Dövlət Universitetinin fəxri professoru adi verilmişdir

Siyasət Materials 21 Fevral 2008 23:59 (UTC +04:00)
Azərbaycan prezidenti Ilham Əliyevə Moskva Dövlət Universitetinin fəxri professoru adi verilmişdir

Fevralın 21-də M.V.Lomonosov adına Moskva Dövlət Universitetində Azərbaycan Prezidenti İlham Əliyevə dünya şöhrətli bu tədris müəssisəsinin fəxri professoru adı verilməsi münasibətilə universitetin Elmi Şurasının təntənəli iclası olmuşdur.

Təbrik sözü ilə çıxış edən MDU-nun rektoru akademik Viktor Sadovniçiy Azərbaycan dövlətinin başçısının tərcümeyi-halının və siyasi fəaliyyətinin əsas mərhələləri, onun beynəlxalq aləmdə uğurları barədə məlumat verdi. Viktor Sadovniçi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevlə görüşləri barədə xatirələrini də söylədi, bu görkəmli siyasi xadimin MDU-ya göstərdiyi diqqət və qayğını vurğuladı.

MDU-nun rektoru Rusiya ilə Azərbaycan arasında əlaqələrin inkişafına, hər iki ölkənin xalqlarının rifahı naminə təhsilin və elmin inkişafına, Azərbaycanın MDU ilə səmərəli əməkdaşlığına verdiyi sanballı töhfələrə görə Prezident İlham Əliyevə MDU-nun fəxri professoru adı verilməsi barədə Elmi Şuranın qərarını oxudu.

Azərbaycan Prezidenti öz çıxışında, Azərbaycan ilə Rusiya arasında münasibətlərin yüksək səviyyədə olmasını vurğulayaraq dedi ki, bu münasibətlər hərtərəfli və müxtəlif səpkilidir, hər iki dövlətin başçıları bunu regionda sülhün, təhlükəsizliyin və davamlı inkişafın təminatı kimi qiymətləndirirlər. Prezident İlham Əliyev xüsusi vurğuladı ki, 2000-ci ildən bəri iki dövlət arasında münasibətlər yeni mərhələyə - strateji tərəfdaşlıq mərhələsinə çatmışdır.

Dövlətimizin başçısı humanitar sahədə əməkdaşlıq məsələləri üzərində ətraflı dayanaraq bildirdi ki, Bakıda Slavyan Universiteti, təhsilin rus dilində olduğu məktəblər fəaliyyət göstərir, rus dilində qəzetlər nəşr edilir. Azərbaycan cəmiyyətində beynəlmiləlçilik və tolerantlıq ənənələri çox güclüdür. Bakıda MDU-nun filialının açılması iki ölkə xalqlarının bir-birinə yaxınlaşmasına yönəlmiş daha bir amil olacaqdır.

Prezident İlham Əliyev bildirdi ki, Azərbaycanın büdcəsində müdafiə sahəsindən sonra ikinci ən mühüm sahə təhsildir. 2007-2015-ci illərdə azərbaycanlı tələbələrin xarici ölkələrdə təhsil almaları üçün Dövlət proqramı qəbul edilmişdir. Son illərdə ölkədə ən müasir kompyuter avadanlıqları ilə təchiz olunmuş 1200 ümumtəhsil məktəbi tikilmişdir.

Dövlətimizin başçısı Azərbaycanın və Rusiyanın elmi və təhsil dairələri arasında əməkdaşlığın fəallaşdırılmasını arzuladı.

Xəbər lenti

Xəbər lenti