Azərbaycan, Bakı, 14 mart / Trend , müxbir S.İlhamqızı, K.Zərbalıyeva/ Ötən gün "Azadlıq" qəzetinin əməkdaşı Aqil Xəlilin naməlum şəxslər tərəfindən bıçaqlanması faktı ilə əlaqədar cinayət işi açılıb və araşdırma aparılır. Bu barədə Trend a Yasamal rayon prokurorluğundan məlumat verilib.
Dünən - martın 13-də saat 20.00 radələrində "Azadlıq" qəzetinin müxbiri Aqil Xəlilə ürək nahiyəsindən bıçaq zərbəsi vurulub. Müxbir Klinik Tibbi Mərkəzə aparılıb və cərrahiyyə əməliyyatı olunub, gecə saatlarında reanimasiya şöbəsinə yerləşdirilib.
Yasamal rayon prokurorluğundan bildirilib ki, faktla bağlı rayon polis idarəsində Cinayət Məcəlləsinin qəsdən sağlamlığa yüngül zərər vurma (128-ci maddə) maddəsi ilə cinayət işi başlanılıb, cinayətin motivi hələlik bəlli deyil və zərərçəkənin verdiyi ifadəsindəki xüsusatlar araşdırılır.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Sadiq Gözəlov isə Trend a bildirib ki, faktla bağlı Yasamal rayon Polis İdarəsində başlanmış cinayət işi Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq İdarəsinin icraatına verilib. Onun sözlərinə görə, cinayət işinin istintaqı daxili işlər naziri Ramil Usubov və baş prokuror Zakir Qaralov tərəfindən nəzarətə götürülüb.
"Azadlıq" qəzetinin direktoru Azər Əhmədov bu gün Trend a açıqlamasında bildirib ki, hazırda jurnalisti palataya köçürüblər və o, özünə gəlib. Yasamal rayon Polis İdarəsinin və 26 saylı polis bölməsinin rəisi Azər Əhmədovla birlikdə hadisə baş verən yerə baxış keçiriblər. Rəislər həmçinin xəstə ilə görüşüb, onun ifadəsini alıblar.
Əhmədovun dediyinə görə, Aqil Xəlil onu vuran şəxsin üzünü xatırlayır və polislərə təsvirini verib. Həmin şəxslərin 15 günə yaxındır onu izlədiklərini deyib.