...

AŞPA-ın yay sessiyasında Azərbaycanın öhdəlikləri müzakirə olunacaq

Siyasət Materials 18 Mart 2008 18:22 (UTC +04:00)
AŞPA-ın yay sessiyasında Azərbaycanın öhdəlikləri müzakirə olunacaq

Azərbaycan, Bakı, 18 mart/ Trend , müxbir İ.Əlizadə/ Azərbaycanın Avropa Şurası qarşısında üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi vəziyyəti Avropa Şurası Parlament Assambleyasının (AŞPA) iyunda keçiriləcək yay sessiyasında müzakirə olunacaq. "Monitorinq Komitəsində qəbul olunan qərara əsasən, AŞPA-nın Azərbaycan üzrə həmməruzəçiləri Andres Herkel və Yevgeniya Jivkova yayadək öhdəliklərin yerinə yetirməsi vəziyyəti ilə bağlı hesabat hazırlayacaqlar. Hesabat AŞPA-nın yay sessiyasında müzakirəyə çıxarılacaq", -deyə çərşənbə axşamı Parisdən telefonla Trend ə açıqlamasında Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov məlumat verib.

Çərşənbə axşamı Parisdə AŞPA Monitorinq Komitəsinin iclası keçirilib.

Seyidov bildirib ki, iclasda AŞPA-nın həmməruzəçiləri Andres Herkel və Yevgeniya Jivkovanın Azərbaycana səfərinin yekunları ilə bağlı hesabat dinlənilib və məsələ müzakirə olunub. Hesabatda həmməruzəçilər Azərbaycana sonuncu səfərləri, keçirdikləri görüşlər barədə məlumat veriblər.

"Hesabatda Azərbaycanı qane edən və etməyən məqamlar var. Azərbaycanda baş verən proseslər hesabatda obyektiv əks olunub. Lakin hesabatda elə məsələlər də var ki, onlarla razılaşmaq olmaz və biz bununla bağlı möqeyimizi bildirdik. Bütövlükdə müzakirələr konsturuktiv keçdi", -deyə nümayəndə heyətinin rəhbəri əlavə edib.

Seyidov qeyd edib ki, Azərbaycanda həbsdə olan bir necə məhbus hesabatda siyasi məhbus kimi göstərilib. Nümayəndə heyətinin rəhbəri bildirib ki, Azərbaycan bununla razı deyil: "Çünki həmin şəxslər konkret cinayət törədiblər və buna görə məhkum olunublar. Həmin şəxslərin siyasi məhbus adlandırılması qəbulolunmazdır. Bu məsələ müzakirə olunmalıdır".

Onun sözlərinə görə, Monitorinq Komitəsinin iclasında AŞPA-nın Azərbaycanda siyasi məhbuslar üzrə xüsusi məruzəçi təyin etməsi məsələsi müzakirə olunmayıb və bu məsələ gündəmdə deyil: "Monitorinq Komitəsinin qərarına əsasən, AŞPA-nın Azərbaycan üzrə həmməruzəçiləri bu məsələ ilə məşğul olacaqlar. AŞPA-nın Hüquq Komitəsi çərçivəsində isə, xüsusi məruzəçi təyin olunmayacaq".

Monitorinq Komitəsinin iclasında Rusiya, Ermənistan, Serbiya, Bosniya və Hersoqovina ilə bağlı məsələ də müzakirə olunub.

Monitorinq Komitəsi Ermənistanda baş verən hadisələri, siyasi fəaliyyətlərinə görə insanların təqib və həbs olunmasını, öldürülməsini, deputatların həbsini, müxalifətin fəaliyyətinin qadağan edilməsini pisləyən qərar qəbul edib.

Azərbaycan 2001-ci ilin yanvarında Avropa Şurasına tamhüquqlu üzvü olub. Azərbaycan üzərinə öhdəliklər götürüb və bunların icrasına nəzarət etmək üçün iki nfər həmməruzəçi təyin olunub.

Xəbər lenti

Xəbər lenti